Özünüidarə orqanının uğurları

post-img

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı şəhər ictimaiyyətinə hesabat verilib.   

Yığıncaqda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il gənclik şəhərinin  özünüidarəetmə orqanı üçün təkcə görülən işlərlə deyil, eyni zamanda yeni sistemli fəaliyyətin nəticələri ilə zəngin   bir il olub. O qeyd edib ki, illik yekunlara əsasən, Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. Əvvəlki illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsi şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilib.  

Məruzəçi bildirib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə 100 minlərlə manat vəsait yönəldilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında    bələdiyyənin fəaliyyətini müsbət qiymətləndirərək, əldə olunan nəticələrin planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, icra hakimiyyəti ilə bələdiyyə arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Burada həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sosial layihələr sakinlərin həyat şəraitini yüksəldir. Torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi üzrə görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu proseslər qanunvericiliyə uyğun olaraq şəffaf   aparılır.  

Zakir Fərəcov Sumqayıt özünüidarəetmə orqanının ölkə üzrə 74 şəhər bələdiyyəsi arasında 1-ci yerə layiq görülməsini böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib.

Yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Milli Məıclisin deputatları Hicran Hüseynova Tahir Mirkişiyev və Mehriban Vəliyeva, digər qonaqlar da çıxış ediblər. Natiqlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”, Sumqayıtın isə “Gənclər Paytaxtı” statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar. Sumqayıt Bələdiyyəsinin fəaliyyəti müsbət dəyərləndirilib, görülən işlərin davamlı olacağına əminlik ifadə edilib.

Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların həlli  istiqamətində fəaliyyətini davam etdirəcək.

Əli NƏCƏFXANLI

XQ

Sosial həyat