Masallıda nəsildən-nəslə ötürülən həsirçilik sənəti

post-img

Masallı rayonun böyük yaşayış məntəqəsi olan Musaküçə kəndi özünün zəngin folklor və mədəni irsi ilə yaxşı tanınır. Həsirçilik isə musaküçəlilərə  ululardan qalma ən dəyərli bir sənət növüdür. Kəndin həm məişətində, eləcə iqtisadi həyatında əhəmiyyətli rol oynayan həsirçilik illərdir ki, nəsildən-nəslə ötürülür. 

Kənddə  hazırda ev olmaz  ki, bu sənətlə məşğul olmasın. Hətta  bu sənət  indi kəndin qadın-kişi demədən bir çox sakininin əmək bacarıqlarını birləşdirən bir səmərəli  peşəyə  dönüb.   Toxunan həsirdən gələn gəlirlə ailə saxlamaq  da olur. Həsir qamış və çətən kimi təbii materiallardan hazırlanır. Ustalar onları xüsusi üsullarla qurudur, əl işləri ilə hörərək müxtəlif ölçülü və naxışlı həsirlər düzəldir. Onlara naxışların salınmasında qadınların zövqü daha çox önəm daşıyır. Həsir evlərin döşənməsinə sərilir, ərzaqların saxlanması və hətta gündəlik məişətdə digər məqsədlərlə istifadə  edilir.

Doğrudur, hazırkı dövrdə   sənayeləşmə və müasir mebellərin geniş yayılması həsirçiliyə olan tələbatı bir qədər azaldıb. Buna baxmayaraq, kəndin mədəni irsinin bir parçası olmaqla yanaşı, həm də xalqın milli dəyərlərini özündə yaşadan sənət növü  Musaküçə kəndində qorunub saxlanır  və daimi davamı ilə əlaqədar    gənclərə həvəslə öyrədilir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat