Bir vaxtlar göz oxşayan, 27 il işğal altında qaldığı dövrdə isə tamamilə dağıdılan Füzuli şəhəri bu gün yenidən dirçəlir. Şəhərdə sürətli şəkildə tikinti-quruculuq işləri davam etdirilir. Əhalinin məskunlaşması ilə yanaşı, məşğulluq və təhsil məsələləri də diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Füzuli Şəhər Peşə Liseyinin tikintisi davam etdirilir. Layihə üzrə işlərin birinci mərhələsinin artıq 60 faizi icra olunub.
Tikinti işlərinin icraçısı Yadigar Həsənov bildirib ki, Füzuli Şəhər Peşə Liseyi 5 hektardan çox ərazini əhatə edir. Təhsil müəssisəsi 3 emalatxana binası, bir tədris korpusu, 100 yerlik yataqxana və idman korpusundan ibarətdir. Bundan əlavə, ərazidə qazanxana, su anbarı və açıq idman meydançası kimi yardımçı binalar da mövcuddur.
Onun sözlərinə görə, dəmir-beton işləri demək olar ki, yekunlaşıb. Hazırda hörgü və suvaq işləri, elektrik xətlərinin çəkilməsi, santexnik işlər və dam örtüyünün vurulması davam etdirilir. Peşə liseyinin tikintisinin birinci mərhələsinin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulub. Tikinti sahəsində hazırda 40–70 nəfər işçi çalışır.
Qeyd edək ki, Füzuli Şəhər Peşə Liseyi 700 şagird yerlikdir və burada çalışanların böyük əksəriyyəti Füzuli şəhər sakinləridir.
Tikintidə çalışan Anar Mirzəliyev bildirib ki, Füzulinin abadlaşdırılmasında iştirak etmək onun üçün böyük fəxrdir: “Dövlətimizə minnətdaram ki, bu gün Füzulidəyik. Mən buradan çıxanda 5 yaşım var idi, həmin anları yalnız yuxu kimi xatırlayıram. Bu gün isə 37 yaşımda Vətəndəyəm. Füzulinin abadlaşdırılması istiqamətində görülən işlərdə mənim də payımın olması böyük qürur hissidir. Doğma torpağımda həm yaşayıram, həm də çalışıram”.
A.Mirzəliyev qeyd edib ki, dövlət tərəfindən qısa müddət ərzində yeni evlər inşa olunub və ailəsi ilə birlikdə artıq iki ildir Füzulidə məskunlaşıb: “Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların qəhrəmanlığı və güclü ordumuzun qələbəsi sayəsində torpaqlarımız işğaldan azad edildi. İllərlə həsrətini çəkdiyimiz bu torpaqlara qovuşacağımıza olan inamımız bir an belə itmədi. Bu gün arzularımız gerçəkləşib Füzuli azaddır, Qarabağ azaddır və bu ərazilər sürətlə yenidən qurulur”.


















