“Euronews” kanalı Bakı şəhərində həyata keçirilən urban yenidənqurma layihələrindən biri olan “Bakı Ağ Şəhər” (Baku White City) barədə videoreportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda “Bakı Ağ Şəhər” genişmiqyaslı şəhərsalma transformasiyasının mühüm nümunəsidən biri kimi təqdim olunur. Bildirilib ki, “Bakı Ağ Şəhər” vaxtilə ciddi şəkildə çirklənmiş sənaye zonası olmuş ərazinin müasir, davamlı və piyada yönümlü yaşayış məkanına çevrilməsinin nümunəsidir. Layihə gündəlik şəhər həyatının rahat təşkili prinsipi əsasında planlaşdırılıb və yaşayış, ticarət və mədəni məkanları bir-birinə yaxın məsafədə birləşdirir.
Materialda vurğulanır ki, ərazinin planlaşdırılması avtomobillərdən asılılığın azaldılmasına, piyada hərəkətinin təşviqinə və rahat yaşayış mühitinin yaradılmasına xidmət edir. Davamlı memarlıq həlləri, yaşıl zonalar və ictimai incəsənət elementləri “Bakı Ağ Şəhər”də gündəlik həyatın əsas hissəsinə çevrilib.
Videoreportajda həmçinin yerli bizneslərin və sahibkarların məhəllə kimliyinin formalaşmasında mühüm rol oynadığı, sakinlərin isə bu ərazidə ailə həyatı, sosial ünsiyyət və ümumi rifah üçün əlverişli şəraitin yaradıldığını bildirdiyi qeyd olunur. “Euronews”un təqdim etdiyi reportajda Bakı şəhərində insan mərkəzli şəhərsalma yanaşmasına doğru gedən daha geniş tendensiyaya da diqqət çəkilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


