Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Green" MMC ilə "Milla Dairy" MMC arasında damüstü günəş elektrik stansiyası layihəsi üzrə icra müqaviləsi imzalanıb.
Bu barədə XQ "SOCAR Green"ə istinadən xəbər verir.
Məlumata görə, layihə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə, "Milla Dairy"nin enerji tələbatının bir hissəsinin "yaşıl enerji" hesabına qarşılanmasına, eləcə də karbon emissiyalarının azaldılmasına töhfə verəcək.
Xatırladaq ki, "SOCAR Green" MMC SOCAR-ın dekarbonizasiya hədəflərinə nail olunması məqsədilə 2023-cü ilin dekabrında təsis edilib. Şirkət Azərbaycanda və xaricdə "yaşıl enerji" və aşağı karbonlu layihələrin icrasını həyata keçirir.

