Ali sevgini sonsuz kədərlə qovuşduran əbədiyyət nəğməsi

post-img

Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında 2021-ci ildə çap etdirdiyim “Xilaskarlar” kitabımın üzərində yenidən işləyəndə bu iki dahi şəxsiyyətin Vətən qarşısında misilsiz xidmətlərini, xalqın xilaskarı məqamına yüksəldiklərini dərindən dərk edən elm və qələm sahiblərinin əsərlərini bir daha nəzərdən keçirməyə ehtiyac duydum.

Vərəqlədiyim kitablar arasında Xalq şairi Zəlimxan Yaqubun şah əsəri hesab etdiyim “Əbədiyyət dastanı” poeması daha çox diqqətimi çəkdi. “Əbədiyyət dastanı” keçmişin mizan-tərəzisi ilə ölçsək, uzaqgörənliyi, müdrikliyi, ağlı-zəkası, dünyanın gedişatını öncədən görə bilməyi ilə (qədimdə dövləti ağılla idarə edən hökmdarlar peyğəmbər adlandırılırmış) peyğəmbər timsallı Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub.

Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər şərəfli iş olsa da, o qədər də çətin və məsuliyyətlidir. Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə əsər həsr etmək daha böyük məsuliyyət və istedad tələb edir. Zəlimxan Yaqubun bədii sözün intəhasız imkanlarından məharətlə istifadə edərək Azərbaycan salnaməsində qızıl hərflərlə yazılmış bu bənzərsiz tarixi şəxsiyyətə həsr etdiyi möhtəşəm “Əbədiyyət dastanı” poeması qəlblərə alov saçan ali kədərin və ali sevginin zirvəsindən Ulu öndərin əziz xatirəsinə oxunan elegiyadır.

Onu da deyim ki, Ulu öndəri 2003-cü il dekabrın 15-də son mənzilə yola salanda qulaqlarımda alban şairi Dəvdəkin 1322 il əvvəl Albaniya hökmdarı Cavanşirin qətlə yetirilməsinə ithaf etdiyi elegiyasından aşağıdakı misralar səsləndi:

O, bizim üçün həqiqət dünyasının işığı idi,
İlhamverici, sükançı idi — coşqun dalğaları ram edərdi.
Uzun illər görməmişdik bu cür kədər, bu cür bəla.

Dəvdək, sanki, bu misrada ümummilli lider Heydər Əliyevə ümumxalq kədərini poetikləşdirmişdir.

“Əbədiyyət dastanı”nı da həyəcansız oxumaq olmur. Poemadan əxz etdiyim başlıca qənaət odur ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətlər dünyalarını dəyişdikdən sonra da, onların fikir və ideyaları yaşayır, aktuallığını itirmir, bütün zamanlar üçün gərəkli olurlar.

“Əbədiyyət dastanı” ali kədər və sevgidən yaranıb:

Xalqı zirvələrə qaldırmaq üçün
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçündür, zirvə dağ üçün
Nə yaxşı ki, xalqın bəxtinə çıxdın.

Şairin mənalandırdığı ali kədər və ali sevgi real həyat hadisəsi ilə bağlıdır. Bu isə Zəlimxanın bir sənətkar kimi həyat həqiqətlərinə sadiqliyindən xəbər verir:

Sazın sinəsi yandı, muğamat xal itirdi,
Bülbüllər yaşıl çəmən, çiçəklər bal itirdi.
Qaya xınalı kəklik, zirvə qartal itirdi, –
“Heydər köçdü”– deyəndə.

Zəlimxan Yaqubun hər sözü, hər misrası fikir dərinliyi Ulu öndərə sonsuz məhəbbətin göstəricisidir:

Bəd xəbəri deyəndə insanlar fağır olur,
Bir sözün ağırlığı min dağdan ağır olur.

Şair-publisist Əli Rza Xələfli “Ölməzlik nəğməsi” əsərində bu münasibətlə yazır ki, Zəlimxan poeziyasındakı çoxqatlılıq, daha dərinliklərdəki məna tutumu, nisbətən üzdəki mənalarla zəncirvari bağlıdır. Qəfil xəbər, doğrudan da, ildırım kimi çaxır. Ağır xəbər öz dəhşəti ilə o qədər miqyaslı olur ki, onu ilk anda qavramaq, soyuqqanlı qarşılamaq mümkün olmur.

Qəfil xəbər öz dəhşəti ilə şairi dərindən-dərinə sarsıdır.

Şairin göz yaşları ilə yazdığı möhtəşəm “Əbədiyyət dastanı” Azərbaycan tarixində epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə kədər dağının zirvəsindən oxunan elegiyadır:

Mən belə ağlamışam qanlı fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim qalıb atamı torpağa tapşıranda.

Ali kədərin zirvəsində dayanan şair onun ümumxalq kədəri olduğunu dərindən dərk etmiş, bu kədərin, bu sevginin sonsuzluğunu inanılmaz ürək çırpıntıları ilə vəsf edə bilmişdir. Şairin “Əbədiyyət dastanı” poemasına yazdığı giriş məqaləsi də Ümummilli liderimizə layiq məntiqi fikirlərlə zəngindir: “Ölümünə heç vaxt inanmadığım, ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı qəfil döyən qara xəbər hamı kimi məni də dərindən-dərinə sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələm aldığımdan heç özümün də xəbərim olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam”.

Deyilənləri möhtəşəm “Əbədiyyət dastanı” poemasının son misraları da təsdiqləyir:

Həsrətini çəkəcəyəm illər boyu,
Kövrək qəlbim oyum-oyum oyulacaq.
Eşqin ilə yaratdığım bu dastanın
Son nöqtəsi mən öləndə qoyulacaq.

“Əbədiyyət dastanı”nı bir daha oxudum və dərk etdim ki, Ulu öndərimizin ölməz irsi kimi, bu poema da əbədi yaşayacaq.

Qəzənfər PAŞAYEV,
Əməkdar elm xadimi,
filologiya elmləri doktoru,
professor

Sosial həyat