Gənc zabitin general Polad Həşimov sevgisi

post-img

Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə – şəhidlik məqamına ucalanlardan biri olan Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olub. İlk təhsilini kənd, daha sonra Naxçıvan şəhər 14 nömrəli məktəbdə alıb.

2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirən gənc Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinin incəliklərinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq hərbçi kimi peşəkar fəaliyyətə başlayıb. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindəki hərbi hissə, ilk komandiri isə Polad Həşimov olub.

Şəhidin həyat yoldaşı Aygün xanım bildirir ki, Rahib həmişə Polad Həşimovla fəxr edərdi: 18 illik xidmətinin 8 ilini Murovda keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu. Nədənsə Kəlbəcəri daha çox sevirdi. Bəlkə də bu rayonun azadlığını görmək onun ən böyük arzusu idi...

Rahib döyüşlərdə öz vəzifəsini layiqincə yerinə yetirib. Düşmənin strateji əhəmiyyətli “Canavar” sol döyüş mövqeyinin götürülməsində şəxsən iştirak edib. “Canavar” sağ adlanan yüksəkliyin alınmasında istiqamət komandiri kimi iştirak edib. Hər iki yüksəklik döyüşlərin ilk günündə mayor Rahib Babayevin rəhbərliyi ilə düşməndən tam təmizlənib. “Canavar” Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi.

Silahdaşlarının sözlərinə görə, 2020-ci il sentyabrın 27-30-da düşmənin yuxarıda adları çəkilən strateji yüksəkliklərdə qoyub qaçdığı iri çaplı silahlardan Rahib Babayev elə onların özünə qarşı istifadə edərək bir neçə düşmən texnikasını məhv edib. Hərbçilər arasında mərd, qorxmaz, cəsarətli komandir kimi tanınıb.

Deyirlər ki, Rahib həmişə düşmən üzərinə cəsarətlə, sevinclə, gülə-gülə gedib. Döyüşdə qolundan ağır yaralansa da, döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq yaralanmış əsgərlərinin həyatını xilas edib. Düşmənin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Düşmən tərəfindən atılan artilleriya mərmisindən ağır yaralanıb və şəhadətə yüksəlib. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

“Canavar postu”nun fatehi Rahib Babayev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat