Göygöl rayonunun Keşkü kəndində Aqrar Biznes Festivalı və II Moruq Festivalı keçirilib. Bölgənin aqrar potensialının və aqroturizmin inkişafına dəstək məqsədilə keçirilən bu tədbirlər Göygöl rayon icra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional Koordinatorluğu, DNK Hospital, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Prior Leasing” və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Göygöl rayon İcra Hakimiyətinin başçısı Elvin Paşayev bildirib ki, II Moruq Festivalı yerli istehsalçılara öz məhsullarını daha geniş auditoriyaya tanıtmağa, aqroturizmin inkişafı baxımından Göygöl rayonunun imkanlarının nümayişinə imkan verir. O qeyd edib ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir. İkinci dəfə keçirilən festivala çox böyük marağın olduğunu deyən Elvin Paşayev Göygöl rayonunun ölkəmizdə ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biri olduğunu xatırladıb, iştirakçılara və qonaqlara uğurlar diləyib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, bölgələrdə təşkil olunan məhsul festivalları aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün gözəl bir platformaya çevrilib.
Tədbirin açılış mərasimində çıxış edən digər natiqlər Göygöl rayonunda keçirilən II Moruq Festivalı və Aqrar Biznes Festivalının bölgənin kənd təsərrüfatı və turizm potensialını daha yaxşı formada dəyərləndirmək baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.
Festivallarda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil edilib. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar, ustad dərsləri nümayiş olunub. Ziyarətçilər sənətkarların hazırladıqları əl işləri ilə tanış olmaq, açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı əldə ediblər.
Qeyd edək ki, Göygöl rayonu Azərbaycanda ən çox giləmeyvə becərilən rayonlardan biridir. Son illər rayonda moruq bitkisinin sənaye üsulu ilə becərilməsi həyata keçirilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və “Polyana” sortlarını becərməyə üstünlük verirlər. Ötən il Göygöldə 120,5 hektar sahədə giləmeyvə, əsasən moruq və böyürtgən becərilib. Sahələrdən 164,6 ton məhsul yığılıb, orta məhsuldarlıq 14,2 sent/ha olub.
İki gün davam edən festivalları minlərlə qonaq ziyarət edib.
Müşfiq MİRZƏ
XQ