İqtisadçı kadrlar hazırlığına önəmli töhfə

post-img

İqtisad Universiteti – 95

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi qeyd olunub.

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov UNEC kollektivini, məzunlarını yubiley münasibətilə təbrik edib. Rektor son 10 ildə universitetdə aparılan uğurlu islahatlardan söz açıb. O, UNEC-in regionda rəqəmsal universitet modelini tətbiq edən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Həmçinin UNEC-in süni intellektin tədris prosesinə, elmi tədqiqatların təşkili işinə inteqrasiyası məqsədilə xarici mütəxəssislərlə birgə layihə reallaşdırdığını qeyd edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli UNEC-in 95 il ərzində ağır yollardan keçməsinə baxmayaraq, hazırda müasir tələblərə cavab verən dünyəvi universitet modeli qurduğunu deyib. O, UNEC-in ölkənin əsas elm mərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eyni zamanda, ölkədə əmək bazarını istiqamətləndirən karyera mərkəzinə çevrildiyini, eləcə də UNEC-in müasir dövrün çağırışlarına uyğun kadrlar yetişdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov UNEC kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkənin iqtisadçı kadrların hazırlanmasındakı əvəzsiz rolundan söz açıb.

Hesablama Palatası ilə UNEC-in son illərdəki sıx əməkdaşlığından söz açan Palata sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumda son 5 ildə işə qəbul olunan 47 əməkdaşın UNEC məzunu olduğunu deyib. O, ümumilikdə Palatanın inzibati heyət üzrə əməkdaşlarının 55 faizinin məhz UNEC məzunları olduğunu diqqətə çatdırıb. Hesablama Palatasının UNEC ilə müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirdiyini deyən Vüqar Gülməmmədov əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyini bildirib. AHİK-in sədri Sahib Məmmədov məzunu olduğu universitetin kollektivini təbrik edərək, UNEC-in ölkəmizin ali təhsil sistemində lider mövqeyə malik olduğunu deyib. Millət vəkili, akademik Ziyad Səmədzadə yubiley münasibətilə universitetin kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkəyə verdiyi böyük töhfələrdən danışıb.

Sonda rektor UNEC-in son 10 ildə elm, təhsil, tədris, beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş təqdimatla çıxış edib.

XQ



Sosial həyat