Xarci ölkə mətbuatının verdiyi məlumata görə, Avropada yeni növ koronavirus sürətlə yayılır. Mütəxəssislərin fikrincə, çox yoluxucu omikronun yeni mutasiyası olan Nimbus, turizm mövsümünün başlaması ilə iyun–iyul aylarında güclü dalğaya səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qripdən fərqli olaraq, koronavirus isti havalarda da yayıla bilər. Bildirilir ki, Almaniyada ştamm martın sonunda yaranıb və mayın əvvəlinə bütün koronavirus hadisələrinin 16,7 faizini təşkil edib. Bununla belə, insident nisbəti, ümumiyyətlə, aşağıdır və hələ ciddi narahatlıq doğurmur.
“The i Paper” nəşri yazır: “Nimbusun simptomları COVID üçün xarakterikdir: Ümumi yorğunluq, hərarətin yüksəlməsi, əzələ ağrıları və şiddətli boğaz ağrısı”. Uorvik Universitetinin virusoloqu Lourens Yanq nəşrə verdiyi açıqlamada izah edib ki, simptomların oxşarlığına baxmayaraq, bu yeni ştamm daha yoluxucudur və orqanizmin müdafiə qabiliyyətini digər variantlara nisbətən daha asanlıqla aşır.
Mütəxəssislər qeyd edirlər ki, Nimbus ilə yoluxmuş şəxslərin xəstəliyinin daha ağır fəsadlara malik olduğuna dair heç bir əlamət və sübut yoxdur. Amma yeni ştamma qarşı hazırkı peyvəndlərin təsirli olduğu təsdiqlənib.
Zərifə BƏŞİRQIZI
XQ