Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlarına dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər təşkil olunub.
Bu istiqamətdə Naxçıvan regional miqrasiya baş idarəsi və Şəki, Şirvan, Yevlax, Gəncə, Ağsu, Xaçmaz, Lənkəran regional miqrasiya idarələri tərəfindən Qəbələ, Şirvan, Ucar, Gəncə, Qobustan, Şabran, Lənkəran və Naxçıvanda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Ombudsman aparatının regionlar üzrə nümayəndələri, rayon icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, sahibkarlar, işəgötürənlər, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Tədbirlər “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Əcnəbi turistlərin Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş hüquqları”, “Tənzimlənməyən vəziyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları”, “Hüquqlarımızı tanıyaq və qoruyaq”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusiya hüquqları” mövzularına həsr olunub.
Maarifləndirmə tədbirlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrantların həyat və fəaliyyəti üçün yaradılan şərait, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.