Azərbaycanda ilk dəfə olaraq məktəblərarası süni intellekt üzrə olimpiadanın keçirilib. Yarışmanın təşəbbüskarı gənc istedad Cüneyd Qənbərov ölkəmizin elm və texnologiya sahəsində gələcək vəd edən simalarından biridir.
ADA Məktəbinin 10-cu sinif şagirdi olan Cüneyd Qənbərov uzun müddətdir ki, proqramlaşdırma və süni intellekt sahələrində fəal çalışır. O, 12 yaşından etibarən kodlaşdırma ilə maraqlanır və artıq 2 ildir ki, müxtəlif səviyyəli yarış və olimpiadalarda iştirak edir. Son bir il ərzində Cüneyd riyaziyyat, kodlaşdırma və süni intellekt üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edərək, 30-a yaxın medal – qızıl, gümüş və bürünc – qazanıb.
Onun uğurları sırasında ən diqqətçəkənlərindən biri bu ilin fevralında Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş “International Math Challenge” olimpiadasında qızıl medal əldə etməsidir. Həmin olimpiadada Azərbaycan 16 nəfərlik şagird heyəti ilə təmsil olunub və yalnız Cüneyd qızıl əyarlı medala layiq görülüb. Bundan əlavə, o, ABŞ-nin təşkil süni intellekt üzrə beynəlxalq olimpiadada da qızıl medal qazanaraq dünya reytinqində 3-cü yerə yüksəlib.
Bu uğurlar Cüneyd üçün təkcə nailiyyət deyil, eyni zamanda, daha böyük məqsədlərə doğru yolun başlanğıcıdır. Gənc proqramçı süni intellekt sahəsində beynəlxalq praktikanın Azərbaycanda da geniş tətbiqinə nail olmaq istəyir. Bu məqsədlə, o, ölkəmizdə ilk dəfə məktəblərarası süni intellekt olimpiadasının keçirilməsinə təşəbbüs göstərib və bu ideyasını gerçəkləşdirib. ADA Məktəbi rəhbərliyinin, həmçinin “Star Colleges” təhsil platformasının dəstəyi ilə təşkil olunan respublika səviyyəli bu olimpiada 5–11-ci sinif şagirdlərini əhatə edib. Yarışmanın əsas məqsədi şagirdlərin süni intellekt texnologiyalarına marağının artırılması, onların bacarıqlarının üzə çıxarılması və beynəlxalq standartlara uyğun biliklərin əldə olunmasıdır. Olimpiadada Azərbaycanla yanaşı, 6 xarici ölkədən iştirakçılar da mübarizə aparıblar. Mükafatlandırma tədbiri srağagün ADA məktəbində təşkil olunub. Qaliblər müvafiq medallarla təltif ediliblər. İnamla vurğulanıb ki, Azərbaycanda ilk dəfə olaraq bu cür genişmiqyaslı tədbirin keçirilməsinə təşəbbüs göstərən Cüneyd Qənbərovun fəaliyyəti gənclər arasında elmi-texniki yaradıcılığın inkişafına böyük təkan verəcək.
Yarışın qalib və mükafatçıları Sumqayıt şəhəri, 27 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ülvi Xudaverdiyev (qızıl medal), S.Ə.Şirvani adına Zərdab rayon İsaqbağı kənd orta məktəbinin 11-ci sinif şagirdi Mənsur Rəhimli (gümüş medal) və ADA məktəbi 10-cu sinif şaghirdi Yusif Seyidov (bürünc medal) olublar.
Valeh Kazımlı (Bakı şəhəri Kaspi liseyi, 11 ci sinif), Abdulla Abdullazadə (Ağdaş rayonu, Ləki qəsəbəsi, 6 saylı tam orta məktəb, 11-ci sinif), Həsən Ələkbərzadə-Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini, 10-cu sinif), Eldar Həmidov (Suqayıt şəhəri, 29 saylı orta məktəb, 9-cu sinif), Yusif Ələkbərov (Şirvan şəhər, 11 saylı orta məktəb, 11-ci sinif), Leyla Əsgərli (Bakı şəhəri, 291 saylı Ekologiya liseyi, 8-ci sinif), Murad Mirzəyev (Bakı şəhəri, 23 saylı orta məktəb, 8-ci sinif), Əkbər Bağırov (Gəncə şəhəri, FRİTL, 10-cu sinif), Kənan Yaqubov (Gəncə şəhəri, M. Mehdizadə adına 4 saylı xarici dil təmayüllü lisey, 8-ci sinif) və Orxan Adıgözəlov (Bakı şəhəri, Türk Dünyası Bakı Atatürk Liseyi, 9-cu sinif) olimpiadanın fəxri mükafatçıları adını qazanıblar.
Ziyarət Cabarova-Qəhrəmanova,
sənətşünas, Prezident təqaüdçüsü