Niderland Krallığının Rotterdam şəhərində “Qərbi Azərbaycana qayıdışa dəstək” mövzusunda beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub. Toplantının keçirilməsində məqsəd Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə tanınması, onların doğma yurdlarına qayıdış məsələsinin diqqət mərkəzində saxlanılması və bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır.
Çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, layihə rəhbəri Zərifə Quliyeva öz ata-baba yurdlarından qovulan insanların geri qayıtması məsələsinin humanitar və hüquqi əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Qərbi Azərbaycandan qovulan insanların hüquqlarının müdafiəsi təkcə humanitar məsələ deyil, bu, eyni zamanda, tarixi ədalətin bərpasıdır.
“Biz bu məsələdə həm beynəlxalq hüququn prinsiplərinə, həm də insan hüquqlarına əsaslanırıq”, - deyə Z.Quliyeva bildirib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov isə Avropada fəaliyyət göstərən azərbaycanlı diasporunun bu məsələyə münasibətindən danışaraq Avropada yaşayan azərbaycanlıların Qərbi Azərbaycan mövzusuna həssaslıqla yanaşdıqlarını diqqətə çatdırıb. Bu mövzunun təkcə Azərbaycanın deyil, dünya ictimaiyyətinin də diqqətində olmasının vacibliyini qeyd edən Konqres sədri dünya azərbaycanlılarının həmrəy şəkildə bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün səylərini davam etdirəcəklərini deyib.
AMEA-nın Rəyasət Heyətinin Elmi irs şöbəsinin müdiri Zemfira Hacıyeva isə çıxışında mövzuya elmi və tarixi yanaşmanın vacibliyini önə çəkib. Onun sözlərinə görə, Qərbi azərbaycanlıların yurdlarına qayıdışı məsələsi həm də elmi və tarixi yaddaşın bərpasıdır. Biz bu prosesdə yalnız siyasi deyil, elmi əsaslara da söykənməliyik.
“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev isə bu cür layihələrin təkcə Niderlandda deyil, digər Avropa ölkələrində də həyata keçirilməsinin vacibliyini vurğulayıb.