Gözdən əlil gənc müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliya və İspaniyada vokal bacarıqlarını təkmilləşdirib

post-img

Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı gənc müğənni, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan Səbinə Əsgərova bu ilin fevral-may aylarında, 3 aylıq müddətdə İtaliya və İspaniyada vokal bacarıqlarını təkmilləşdirib.

Məlumatı ƏƏSMN verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşı olan Səbinə Əsgərova bu səfər zamanı İtaliyanın Korbetta şəhərində La Skala Teatrının tanınmış tenoru Andrea Semeraronun ustad dərslərində iştirak edib.

Bu dərslərdə səs imkanlarını genişləndirən ifaçımız Korbetta şəhər Meriyasının binasında solo konsert proqramı ilə çıxış edib və şəhər meri Marko Ballarini tərəfindən sertifikatla təltif olunub. Daha sonra Barselonadakı (İspaniya) “Shine” Musiqi Məktəbinin müəllimi, müğənni və gitaraçı Ceyms Sedqvikin vokal kurslarını uğurla başa vuraraq sertifikatlar alıb.

3 yaşında görmə qabiliyyətini itirən, 6 yaşından fortepiano ifa etməyə başlayan Səbinə Əsgərova sonralar vokal üzrə dərslərə qoşulub və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada müğənniliyi fakültəsində təhsil alıb.

Bir neçə musiqi alətində də ifa etmək bacarığı olan gənc istedadımız son iki ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi və dulusçuluq üzrə təlimlərdə iştirak edib və 2023-cü ildən Mərkəzdə çalışır.  







Sosial həyat