Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu qeyd edib. Bildirilib ki, Konfederasiya ilə BƏT-in əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.
BƏT-in Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, rəhbərlik etdiyi təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib. Jilber Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib və bu məsələlərə Konfederasiyanın daim həssas yanaşdığını bildirib.
Görüşdən sonra BƏT-in Baş direktoru Jilber Hunqbo və nümayəndə heyətinin üzvləri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.