Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilir

post-img

Aprelin 11-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi”dir.

Tədbir çərçivəsində son zamanlarda üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyaların təşkili nəzərdə tutulub.

Sosial həyat