Azərbaycan – Gürcüstan əməkdaşlığı regionda sülhə və tərəqqiyə xidmət edir

post-img

“Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı dedi.

Dövlət başçımız bildirdi ki, Azərbaycan Avropa Komissiyası və Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyir, ancaq Azərbaycanın və Gürcüstanın maraqlarının qurban verilməsi hesabına yox: “Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərinə götürərək əməkdaşlıq etməlidirlər. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər”.

Prezident qeyd etdi ki, Gürcüstanla əlaqələr strateji əhəmiyyətə malikdir. Azərbaycanın Gürcüstanla sıx əməkdaşlığı sayəsində bir çox mühüm layihə həyata keçirilib. Onilliklər sonra belə, bu layihələr aktuallığını qoruyub saxlayır, çünki onların regionun, həm də Avropanın təhlükəsizliyini gücləndirmək baxımından böyük potensialı var. Xüsusilə, enerji və nəqliyyat sahələrində bu layihələr mühüm rol oynayır. Yalnız region ölkələri üçün deyil, bütövlükdə, Avropa üçün yeni imkanlar açır”.

Onu da qeyd edək ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə edir. İqtisadi, ticari, mədəni və siyasi əlaqələrin davamlı inkişaf etməsi məhz Gürcüstanla Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq və möhkəm dostluq ənənələrini daha da gücləndirir. Hazırda Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Tbilisinin ən böyük iqtisadi tərəfdaşı sırasında Bakı beşinci sıradadır. İndiyədək Azərbaycan şirkətləri tərəfindən Gürcüstana, ümumilikdə, 3,6 milyard ABŞ dolları dəyərində sərmayə yatırılıb. İki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Ümumi ixracın da 10 faizi Gürcüstanın payına düşür.

Bir faktı da yada salmaqda fayda var. 2008-ci ilin yanvarında Gürcüstan müəyyən səbəblər üzündən qazsız və elektrik enerjisiz qalanda, Azərbaycan Gürcüstana kömək etdi. Azərbaycan qazı Tbilisi üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz satıldı.

Ölkələrimiz arasında mədəni əlaqələr də inkişaf edir. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyara keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verildi. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovka kəndində müasir tipli yeni məktəb binaları tikildi. SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edildi, Marneulidə “Çay evi” inşa edildi, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan mədəniyyət muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilərək istifadə verildi. Bu proses bu gün də davam edir.

Yada salaq ki, Gürcüstanda Azərbaycan dilində bir sıra mətbuat orqanları nəşr olunur. Tbilisidə H. Əliyev adına Azərbaycan Dram Teatrı, fəaliyyət göstərir. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsil haqqının ödənilməsində SOCAR əsas rol oynayır.

Bu arada Gürcüstan Xarici işlər naziri Maka Boçorişvili də iki ölkə arasında əməkdaşlığa toxunub. Bildirib ki, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir: “Strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə, Cənubi Qafqazın inkişafına xidmət edir”.

Boçorişvilinin sözlərinə görə, Azərbaycan Gürcüstanın əsas tərəfdaşıdır və bu əməkdaşlıq bölgənin inkişafı üçün vacibdir: “Sülh və təhlükəsizlik bizim üçün əsas faktorlardır. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün mühüm əhəmiyyət daşıyır”.

Nazir deyib ki, bu gün Azərbaycan və Gürcüstan hansısa böyük güclərin diktəsi ilə yox, ölkə maraqlarına uyğun şəkildə siyasət həyata keçirir. Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında istənilən səviyyədə dialoqun aparılmasına vasitəçilik etməyə hər zaman hazır olub və indi də hazırdır: “Gürcüstanın ənənəvi olaraq hər iki qonşusu ilə – Azərbaycan və Ermənistanla yaxşı münasibətləri olub...Təbii ki, sülh içində yaşayan Cənubi Qafqaz hər birimizin arzusudur. Bölgəmizin çox ciddi bir potensiala sahib olduğunun da fərqindəyik. Bu potensialdan tam şəkildə istifadə etmək istəyiriksə, o zaman bölgəyə davamlı bir sülh gətirməliyik. Elə bu səbəbdən də biz, hər şeydən əvvəl, iki ölkə arasında sülhü böyük məmnuniyyətlə qarşılayırıq və Azərbaycan ilə Ermənistan arasındakı sülh sazişinin çox böyük bir uğur olacağına inanırıq”.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Səfər zamanı Gürcüstan – Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə ediləcək. Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi sanksiyalar və hədələr fonunda rəsmi Tbilisi üçün enerji təhlükəsizliyi və regiondaxili sabitlik, enerji axınlarının təminatı olduqca mühüm məsələdir. Kavelaşvili də regionda sülh və əməkdaşlıq təşəbbüslərinə qoşulmaq niyyətində olduğunu gizlətmir.

Azərbaycana səfərdən sonra Mixeil Kavelaşvili Ermənistana gedəcəyi də Tbilisinin tərəfsiz vasitəçi rolunu gücləndirmək istəyini göstərir.

Onu da bildirək ki, İkinci Qarabağ müharibəsi zamanı ərazilərin azad edilməsindən sonra Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülhün bərqərar olunması üçün bir fürsət yaranıb. Bunun üçün Ermənistan konstitusiyasında lazımi dəyişikliklər edilməli, ATƏT-in Minsk qrupunu buraxılmalıdır. Gürcüstan da Ermənistan və Azərbaycan arasında bu istiqamətdə dialoqun aparılmasına vasitəçilik etmək istəyir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, Azərbaycan və Gürcüstan daim bir-birinin mövqelərini dəstəkləyir: “Yeni geosiyasi reallıqlarda Gürcüstanın xüsusi rolunun olduğunu görürük. Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır, regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. Hazırda Azərbaycan Gürcüstanın xarici investorları sırasında öz liderliyini qoruyub saxlamaqla ticarət dövriyyəsini və regional əməkdaşlığı daha da inkişaf etdirir. Bildirilib ki, 44 günlük müharibə fonunda regionda müşahidə olunan yeni reallıqlara və dinamik dəyişikliyə baxmayaraq, hər iki ölkə strateji əməkdaşlığı saxlamaqda, beynəxalq platformalarda bir-birini dəstəkləməkdə davam edir.

Gürcüstan bir məkandır, orada Ermənistandan və Azərbaycandan olan nümayəndələr görüşürlər, müzakirələr aparırlar. Müzakirələr zamanı, həmçinin yeni yaranmış geosiyasi vəziyyət də nəzərə alınır. İnanıram ki, regionda sabitliyin və təhlükəsizliyin təminatında ikitərəfli əməkdaşlığımızın rolu böyük olacaq”.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət