Deflimpiya hərəkatının beynəlxalq əməkdaşlığı

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis ilə görüş olub.

Nazir Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və bərpası, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, yaradıcı potensialının inklüziv mühitdə inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.

Bu kateqoriyadan olan şəxslərin bir qisminin eşitmə məhdudiyyətli şəxslər olduğu, onların da sosial dəstək tədbirləri ilə əhatə edildiyi bildirilib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən bərpa vasitələri növlərinin sayının son illər 4 dəfəyə yaxın artırılaraq 130-a çatdırıldığı qeyd edilib. Həmin növlər sırasında eşitmə məhdudiyyətli insanlar üçün də bir sıra bərpa vasitələrinin olduğu diqqətə çatdırılıb.

İşarət dilinin ünsiyyət dili kimi rəsmi tanınması məqsədilə qanunvericiliyə dəyişiklik layihəsinin parlamentdə müzakirə mərhələsində olduğu bildirilib.

A.Kosa və İ.Stavrakakis Azərbaycanda əlillərin, habelə eşitmə məhdudiyyətli şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların idmana cəlb edilmələri sahəsində aparılan ardıcıl işləri, paralimpiya hərəkatının uğurlarını yüksək qiymətləndiriblər.

Ölkəmizdə deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədə Beynəlxalq eşitmə məhdudiyyətli şəxslərin İdman Komitəsi və Avropa eşitmə məhdudiyyətli şəxslərin İdman Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub.

Zərifə HÜSEYNOVA
XQ

 

Sosial həyat