24 min işsizə biznes yaradılıb

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində indiyə qədər həssas qruplara aid 24 minədək işsizə istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə regional meneceri Paolo Belli ilə görüşdə bildirilib.

Nazir Anar Əliyev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatları diqqətə çatdırıb, ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini vurğulayıb. 22 min işsizi əhatə etməsi hədəflənən “Məşğulluğa dəstək layihəsi”nin uğurlu icrasının nəticəsi olaraq layihə iştirakçılarının sayının cari il ərzində 26 mini ötəcəyi qeyd edilib.

Özünüməşğulluq proqramın genişləndirilməsinə, həssas əhali qruplarına aid şəxslərin kiçik biznesə çıxışına dəstək olan bu layihənin uğurla icra edilməsinin Dünya Bankı tərəfindən yüksək dəyərləndirilərək mükafatla təltif olunduğu bildirilib. Ölkəmizdə həyata keçirilən digər fəal məşğulluq proqramları, son illər əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.

Görüşdə missiya çərçivəsində aparılmış müzakirələr barədə məlumat verilib. Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Zərifə HÜSEYNOVA
XQ

 

Sosial həyat