ABŞ Ukraynada sülh cəhdlərini davam etdirir

post-img

Ağ ev Ukraynada ağır döyüşlərin dayandırılması üçün səylərini davam etdirir. ABŞ-ın dövlət başçısının xüsusi nümayəndəsi Stiv Uitkoff yenidən Rusiyaya səfər edib və Prezident Vladimir Putin ilə bu dəfə Sankt-Peterburqda artıq 3-cü dəfə görüşüb.

BBC yazır ki, bu dəfə danışıqlar Rusiyanın “şimal paytaxtı”ndakı Boris Yeltsin adına Prezident Kitabxanasında keçirilib və 4 saatdan çox davam edib. Danışıqların təfərrüatları barədə mediaya açqılama verilməyib. Belə bir görüşün olacağı barədə də məlumat yox idi. Yalnız ABŞ-ın “Axios” nəşri bu barədə informasiya yaymışdı.

Artıq görüş baş tutub və təhlilçilər bununla bağlı öz fikir və düşüncələrini bildirirlər. Belə bir fakta diqqət çəkilir ki, S.Uitkoff Sankt-Peterburqda əvvəlcə Rusiya birbaşa sərmayələr fondunun rəhbəri Kiril Dmitriyev ilə görüşüb. K.Dmitriyev iş adamıdır və Prezident V.Putinin Rusiya–ABŞ danışıqları üzrə səlahiyyətli nümayəndəsi təyin edilib. Ötən həftə o, Vaşinqtona səfər edərək burada bir sıra görüşlər keçirmişdi.

Xatırladaq ki, S.Uitkoff bu il fevralın 11-i və martın 13-ü tarixlərində də Rusiya Prezidenti ilə Ukraynada “qan tökülməsinin qarşısını almaq üçün” Prezident Trampın adından müzakirələr aparıb. Sonuncu görüş ərəfəsində hər iki tərəfdən 1 məhbusun azad olunması barədə xəbərlər yayılıb.

D.Tramp dünən Ukrayna böhranın nizamlanması prosesinin zəif getməsindən narahat olduğunu bildirib. Deyib ki, Rusiya hərəkət eməlidir, belə ki, hər həftə hər iki tərəfdən insanlar həlak olurlar. Tramp bir daha vurğulayıb ki, 3 il əvvəl o, prezident olsaydı, bu dəhşətli müharibənin başlanmasına imkan verməzdi.

S.Uitkoffun Rusiyaya növbəti səfərindən atəşkəs əldə edilə biləcəyi barədə sensasiyaslı xəbərlər gözlənilmirdi. Belə ki, hələ görüş ərəfəsində Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, danışıqlarda dönüş əldə olunacağı ehtimalı azdır. Onun sözlərinə görə, Sankt-Peterburqda Rusiya və ABŞ liderlərinin mümkün görüşü də müzakirə olunub.

Peskov görüş ərəfəsində Trampla Putin arasında telefon bağlantısının olduğunu da istisna etməyib. Trampın Ağ evə ikinci dəfə qayıdışından sonra iki lider arasında 2 dəfə telefon bağlantısı olub. Rəsmən etiraf olunan budur. Ola bilər ki, prezidentlər rəsmi açıqlama vermədən də telefonla müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında danışıqlar prezidentlərin iştirakı olmadan bu ilin fevral və mart aylarında Səudiyyə Ərəbistanında keçirilib. Bundan başqa, İstanbulda Moskva ilə Vaşinqton arasında diplomatik münasibətləri yaxşılaşdırmaq üçün məsləhətləşmər olub.

Prezident D.Tramp dəfələrlə Rusiya və Ukrayna prezidentlərini danışıqlar masası arxasına əyləşməyə çağırıb. Moskva qeyd-şərtsiz atəşkəs təklifindən imtina edib, lakin danışıqların 2-ci raundunda rəqiblər bir-birinin enerji obyektlərinə raket zərbələri endirməyəcəklərinə söz veriblər.

Ukraynada isə ağır, tükəndirici müharibə davam edir. Hər iki tərəfin hərbi aviasiyası vaxtaşırı olaraq rəqibin şəhər və kəndlərini raket və dron atəşlərinə məruz qoyur. Eyni zamanda, Moskva və Kiyev tez-tez bir-birini enerji obyektlərini hədəfə almamaq üzrə moratoriumu pozmaqda günahlandırır.

BBC müxbiri qeyd edir ki. son günlər Rusiya aviasiyası Ukrayna ərazisinə intensiv surətdə aviazərbələr endirir. Bir həftə əvvəl Krivoy Roq şəhərindəki yaşayış binası Rusiyanın raket atəşinə məruz qalıb. Ciddi dağıntılar baş verib, 20 sakin həlak olub, onlardan 9-u uşaqdır.

Trampın ikinci dəfə prezidentliyə başlamasının 100-cü günü yaxınlaşır. Bu tarixə kimi, Rusiya ilə danışıqlarda razılaşma əldə olunmazsa, Tramp, təbii ki, Rusiyaya qarşı yeni sanksiyaların təbiq edilməsinə çalışacaq. O, bunu prezident səlahiyyətlərindən istifadə edərək, yaxud Konqresin razılığını almaqla da edə bilər.

Bir çox təhlilçilər Rusiya ilə Ukrayna arasında müharibənin yaxın həftələr və aylar ərzində dayandırıla biləcəyinə şübhə ilə yanaşırlar. Rusiya Ukraynanın 4 vilayətini özünün ərazisi hesab edir. Kiyev isə təbii ki, bununla heç cür barışa bilməz və faktiki olaraq kapitulyasiya hesab oluna bilər. Bundan başqa, Prezident Putin əvvəlki kimi Zelenskinin hakimiyyətini qeyri-legitim sayır.

Görünür, diplomatlardan əvvəl döyüşən ordular cəbhədə münasibətləri aydınlaşdırmalıdır. Hələlik, heç bir tərəf aşkar üstünlüyə nail ola bilmir. Bütövlükdə isə, Rusiyanın hərbi resurslarının daha çox olduğu hiss olunur. Ukrayna isə ciddi müqavimət göstərməkdə davam edir.

Məsaim ABDULLAYEV
XQ

Siyasət