Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişikliklər nəqliyyat sahəsində təhlükəsizliklə, xüsusən aviasiya təhlükəsizliyi ilə bağlıdır. Belə ki, “Aviasiya haqqında” qəbul edilən yeni Qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülki aviasiya sahəsində sığorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblərə uyğun dəyişiklikləri ehtiva edir. Buna əsasən də layihədə Cinayət Məcəlləsinə dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ilə bağlı uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" Qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasını təmin edilməsi üçün bir sıra inzibati xətaların Məcəlləyə əlavə edilməsini nəzərdə tutur.
Layihədə, həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyaları təkmilləşdirilir və sanksiyadakı cərimə məbləğləri artırılır.