Söhbət Laçın Dövlət Təbiət Yasaqlığından gedir
Azərbaycanın təbiəti olduqca gözəl və əsrarəngizdir. Ölkəmizin saysız-hesabsız çöl və meşələrini, gül-çiçəkli çəmən və dağlarını gəzib-dolaşdıqca Ulu Tanrının xalqımıza necə böyük və əvəzsiz sərvətlər bəxş etdiyinin bir daha şahidi oluruq. Bugünkü nəsillər, təbii ki, bu böyük sərvəti qoruyub gələcək nəsillərə ötürməlidir. Azərbaycan dövlətinin ekoloji siyasəti məhz bu amala xidmət edir.
Yeri gəlmişkən, son həftələr ərzində biz “Xalq qəzeti” olaraq qəzetin səhifələrində milli parklar və qoruqlarımız barədə silsilə yazılar hazırlayaraq dərc etmişik. Məqsədimiz oxucuları ölkəmizin ecazkar təbiəti, zəngin flora və faunası ilə yaxından tanış etməkdir. Bu dəfə isə Azərbaycan ərazisindəki ilk yasaqlıqlardan biri – Laçın Dövlət Təbiət Yasaqlığı barədə söz açmaq niyyətindəyik.
Qeyd etmək lazımdır ki, dövlət təbiət yasaqlıqları – təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. Bəllidir ki, yasaqlıqlarda ana təbiətimizə zərər vura bilən hər cür fəaliyyətlər qadağan edilir.
Məlumat üçün deyək ki, Azərbaycanda ilk yasaqlıq hələ 64 il əvvəl yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılmış və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə Arpaçay və Rvarud dövlət təbiət yasaqlıqları təşkil edilmişdir.
Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabrında Laçın rayonunun ərazisində yaradılmışdır. Ərazisi 20 min hektardır. Ərazi, əsasən, vələs, cökə, ağcaqayın, palıd cinsli meşələrdən ibarətdir. Ekspertlər qeyd edirlər ki, sahədə bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda Bezoar keçisi, Avropa cüyürü, çöl donuzu, boz dovşan, boz canavar, adi porsuq, meşə dələsi, qonur ayı və sair məməlilərə, adi çil kəklik, Qafqaz tetrası, adi bildirçin, alabaxta kimi quşlara daha çox rast gəlinir.
Məlumdur ki, böyük strateji əhəmiyyət kəsb edən Laçın rayonu 30 ilə yaxın Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Lakin xalqımız heç vaxt bu işğal aktı ilə razılaşmayıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindən sonra, dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi.
Acı təəssüflə qeyd edək ki, işğal dövründə erməni vandalları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirib. Əslində, bu, ekoloji soyqırımı idi və Ermənistan hökuməti buna görə mütləq cavab verməli olacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupu fəaliyyət göstərir. Bu ərazilərdə flora və faunanın müxtəlif növlərinin bərpası işləri aparılır.
M.HACIXANLI
XQ