“Tərəfsiz İsveçrə”nin tərəfkeş siyasəti

post-img

Alp ölkəsi yeni “səlib yürüşü”nə də qoşulur

İsveçrə nə BMT-nin, nə də NATO-nun üzvüdür. Rəsmi izahat budur ki, bu təşkilatlarda iştirak İsveçrənin ənənəvi neytrallıq siyasətinə ziddir. Reallıqda isveçrəlilər, sadəcə olaraq, belə iddialı təşkilatlarda iştirakın “mənasız” olduğuna inanırlar.

İsveçrə vaxtilə vahid Avropa iqtisadi zonasına qoşulmağa da “yox” demişdi. Ölkə əhalisi belə bir birliyə qoşulmağı kasıbların dərnəyinə getməyə bərabər hesab etmişdi. Yəni bu Alp adamları özlərini “qoca qitə”nin “sayılıb-seçilmiş, xüsusi missiyası olan xalqı kimi” qiymətləndirməyi sevir və neytral qalmalarından məmnunluqlarını gizlətmirlər. Amma son vaxtlar İsveçrə tərəfsizliyini pozur və Cənubi Qafqaz regionunda sülhə yox, gərginliyə töhfə verməyə çalışır. Görünür, “səlib yürüşləri”nin fəal iştirakçılarından olan isveçrəlilər indi də Ermənistana “arxa dayanmağa” can atırlar.

İrəvanın rəsmi informasiya agentliyi “Armenspress” xəbər verir ki, “İsveçrə parlamentinin yuxarı palatası Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq sülh konfransının təşkili ilə bağlı qətnaməni müzakirə edəcək”. Məlumatda qeyd olunur ki, martın 18-də İsveçrə parlamentinin yuxarı palatası – Dövlətlər Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müzakirələr keçirəcək.

“Armenpress” xatırladır: “Hələ 2024-cü ilin oktyabrında İsveçrə Parlamentinin Milli Şurasının (parlamentin aşağı palatası) Xarici əlaqələr komitəsi ölkə hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağıran müvafiq qətnamə qəbul etmişdi”. Qətnamədə bildirilirdi ki, təşkil olunacaq konfransın məqsədi “beynəlxalq aktorların nəzarəti altında və ya iştirakı ilə erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması ilə bağlı Azərbaycan nümayəndələri ilə Dağlıq Qarabağ erməniləri arasında dialoqun aparılmasına yardım etmək” olacaq.

Sual olunur: İsveçrə nədən narahatdır? Azərbaycan 5 il öncə özünəməxsus ərazilərini işğalçılardan təmizlədi. İndi erməni barbarlarının xarabalığa döndərdiyi kəndləri, qəsəbələri, rayonları və şəhərləri yenidən cənnətə çevirir. Heç bir beynəlxalq maliyyə yardımı almadan “yazıq və məsum” erməni separatçılarının, yaraqlılarının dağıtdıqları əraziləri dirçəldir. Amma Qərbin bəzi ölkələri kimi İsveçrə də “bulanıq suda balıq tutmaq istəyir”, “sülh tənzimləməsindən, erməni qaçqınlarından” dəm vurur.

Halbuki Azərbaycan uzun illər ermənilərdən dostlarının, havadarlarının yardımı ilə oğurladıqlarını, qapazladıqlarını dinc şəkildə qaytarmalarını istəmişdi. Ötən otuz il ərzində ermənilər danışıq xatirinə danışıqlar aparmış və Azərbaycan torpaqlarından çıxmağı düşünmədiklərini nümayiş etdirmişdilər. Belə davranışın nəticəsi indi hamıya məlumdur: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünü bərpa etdi.

İndi Azərbaycan və Ermənistan sülh danışıqları aparırlar. Doğrudur, proses arzulandığı kimi getmir və buna səbəb İrəvanın hələ də reallıqları həzm etmək istəməməsi ilə bağlıdır. Ermənistan hökuməti kənar qüvvələrin köməyilə regional gündəliyi dəyişməyə çalışır və İsveçrə kimi ölkələr sülhə qarşı çıxan ermənilərin dəyirmanına su tökürlər. Guya, “sülh tənzimləməsinə” həsr olunacaq konfrans keçirməklə İsveçrə Bakı ilə İrəvanı sülhə yaxınlaşdıracaq? Azərbaycanın mövqeyi bəllidir, Ermənistanın isə sürüşkən mövqeyi prosesin məntiqi sonluqla bitməsinə, yəni sülh müqaviləsinin imzalanmasına mane olur.

İrəvanı sülhə dəvət etmək əvəzinə, Bern fəal şəkildə Ermənistana yardım göstərir. Məsələn, 2023-cü ildə İsveçrə Ermənistana 1,5 milyon İsveçrə frankı ayırmışdı. Bu həmin ölkədir ki, hələ 2003-cü il dekabrın 16-da qondarma erməni soyqırımını tanımış və bu uydurma soyqırımını inkar edən şəxsləri cərimələyir. Ermənistana yardım etmək istəyini “tarixi əlaqələrlə, humanitar dəyərlərə sadiqliklə” əlaqələndirməyə çalışan bu Alp ölkəsinin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müzakirələr” keçirmək istəyinə düşməsi siyasi motivlidir və Qərbin Cənubi Qafqaz regionunda ayırıcı xətlərin yaradılması tezislərinə uyğundur.

Əlbəttə, burada erməni lobbisinin də izi var. Hazırda İsveçrədə, təqribən, 6 minə yaxın erməni yaşayır. Saylarının bu ölkədəki türk icmasından az olmasına baxmayaraq, haylar isveçrəli siyasətçilərlə sıx əlaqələr qurmağı bacarırlar. İctimai təşkilatları, dərnəyi olan İsveçrə erməniləri Ermənistanın maraqlarını müdafiə etməyə çalışırlar. Bundan başqa, ermənilərin bu ölkədə “Artzakank” adlı qəzetinin, “Masis” adlı futbol klublarının da olduğu bildirilir. Çoxsaylı erməni təşkilatlarının mütəmadi olaraq xeyriyyə marafonları keçirmələri və toplanan vəsaitləri Azərbaycan Ordusunun cəhənnəmə göndərdiyi “dqr” rejiminə göndərdikləri də məlumdur. İsveçrə hökumətinin qondarma erməni soyqırımını tanımasında böyük rolu da məhz bu erməni təşkilatları oynamışdı.

Qərbdə də gözəl bilirlər ki, Azərbaycan sülh gündəmini fəal şəkildə təbliğ və inkişaf etdirir. Bakı davamlı sülh və sabitliyə nail olmaq üçün Ermənistanla danışıqların xarici maneələrə baxmayaraq, davam etdirilməsində maraqlı olduğunu göstərir. Amma Bakı heç bir halda tarixin gedişatını tərsinə çevirməyə imkan verməyəcək. Azərbaycan ədalətli və daimi sülhün tərəfdarıdır, bu prinsipə qarşı gedən qüvvələr anlamalıdırlar ki, Cənubi Qafqaz regionunda sülhə yalnız beyənlxalq qanunlara hörmət etməklə, bölgədə yaranmış yeni reallıqları qəbul etməklə nail olmaq mümkündür. Ermənilər də, Qərbdəkilər də bu həqiqəti nə qədər tez dərk etsələr, sülhə bir o qədər tez yaxınlaşarlar.

S.ELAY
XQ

Siyasət