Adı Ələsgərdi, ünvanı aşıq poeziyasının zirvəsi

post-img

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan Yazıçılar Birliyində şair-publisist Salman Qaraların “Adım Ələsgərdi...” kitabının təqdimat və imza gününü keçirib.

Mərasimdən əvvəl aşıq ədəbiyyatımızın böyük ustadı Dədə Ələsgərin paytaxtdakı abidəsi ziyarət olunub, böyük saz və söz ustadına dərin ehtiram ifadə edilib.

Natəvan klubundakı təqdimatda AYB-nin sədri, Xalq yazıçısı Anar əbədiyaşar Ələsgər irsinin tədqiq olunmasının əhəmiyyətini vurğulayıb və Salman Qaraların bu sahədə davamlı fəaliyyətini yüksək dəyərləndirib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli yeni nəşrin əhəmiyyətindən bəhs edərək onun ölməz aşığın irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına önəmli töhfə olduğunu söyləyib. O, “Adım Ələsgərdi...” adlı tədqiqat əsərində müəllifin uzun illər apardığı araşdırmalarla Dədə Ələsgərin həyat və yaradıcılığı ilə bağlı bir çox yeni fakt və epizodların üzə çıxardığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir Aşıq Ələsgərin əbədiyaşarlığına nəzər salaraq bildirib ki, baharın nəfəsinin duyulduğu bu vaxtda ölməz Aşıq Ələsgərin əsərləri yenidən insanların qəlbini fəth edir. Elə bir şəxs tapmaq çətindir ki, Aşıq Ələsgər yaradıcılığından xəbərsiz olsun. O, folklor poeziyamızın əbədi zirvəsidir.

Kitabın müəllifi Salman Qaralar əsər üzərində çoxillik yaradıcılıq prosesindən danışıb. O, Dədə Ələsgər irsinin tükənməz xəzinə olduğunu vurğulayıb: “Kitabda Dədə Ələsgərin yaradıcılığı yalnız şeirləri və aşıq sənəti ilə deyil, həm də onun mənəvi dünyası və Azərbaycan ədəbiyyatına təsiri baxımından araşdırılıb. Kitabın gələcəkdə Dədə Ələsgər haqqında aparılacaq yeni tədqiqatlara töhfə verəcəyinə ümid edirəm”.

Moskvadan professor Ələddin Allahverdiyev isə “Adım Ələsgərdi...” kitabı haqqında mərasim iştirakçılarına ünvanladığı məktubda bildirib: “Ələsgərşünaslıqda söylənmiş fikirlər, aparılmış tədqiqatlar arasında Salman Qaraların tədqiqatı, orijinallığı, Dədə Ələsgər şeirinin məna qatlarını bədii və irfani cəhətdən araşdırmaq baxımından müasir səslənir. Əminəm ki, Salman müəllimin təqdimatı keçirilən “Adım Ələsgərdi...” elmi-bədii-publisistik dildə yazdığı monoqrafiyası ələsgərşünaslığa dəyərli töhfə olaraq folklorumuzu, aşıq yaradıcılığını araşdıran bütün tədqiqatçılar və adi oxucular üçün daim maraq doğuran və dəyərli bir kitab, ədəbi mənbə olacaq”.

Tibb Universitetinin müəllimi, fəlsəfə döktoru Nağdəli Keştəkli, Bakı Dövlət Universitetinin müəllimi Almara Nəbiyeva, Təhsil İnstitutunun elmi işçisi Adilə Nəzər, əməkdar müəllim Hüseyn Şahbəndəyev, şairlər Ramiz Qusarçaylı, Yusif Nəğməkar, iş adamı, xeyriyyəçi Rəşid Süleymanov və başqaları kitabın Aşıq Ələsgər irsinin dərindən öyrənilməsinə və mənimsənilməsinə verəcəyi töhfələrdən söhbət açıblar.

Sonda ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətləri yüksək qiymətləndirilən Xətai Ələsgərli AYB-nin fəxri üzvlüyünə qəbul edilib.

T.RÜSTƏMLİ
XQ

Sosial həyat