Zəka savaşı Dunay sahilləri və Rodos adasında olacaq

post-img

Azərbaycan şahmatçıları növbəti sınaq ərəfəsindədirlər. Martın 15-də Dunay sahillərində yerləşən Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şəxsi Avropa çempionatına start veriləcək. Bu yarışın qalib və mükafatçıları müəyyənləşdikdən sonra nəzərlərimiz Yunanıstanın Rodos adasına yönələcək. Orada isə qadın zəka sahiblərinin çempionatı martın 31-də başlayıb aprelin 11-dək davam edəcək.

Xatırlatmaq istərdik ki, qadın şahmatçılar ötən il də qitə birinciliyinin medalları uğrunda mübarizədə Rodos adasında üz-üzə gəlmişdilər. Fəxri kürsünün zirvəsinə həmvətənimiz Ülviyyə Fətəliyeva yüksəlmişdi. Bununla da Azərbaycan şahmat məktəbinin yetirməsi ölkəmizdə idmanın həmişəcavan növünün inkişafının bütün tarixi ərzində ilk dəfə qadınlar arasında Avropa çempionu adını qazanmışdı. O, Yunanıstandan Bakıya qızıl medalla qayıtmışdı. Bu qələbə qadın şahmatımızın tarixində möhtəşəm nailiyyət idi!

O ki qaldı Rumıniya turnirinə, 400-dən çox iddiaçı Eforie Nord şəhərində kişi şahmatçıların Avropa çempionatında iştirakını təsdiqləmişdir. Onlardan 107-si qrossmeysterdir. Reytinqə görə, turnir iştirakçılarının siyahısına təşkilatçı ölkənin nümayəndəsi Daniel-Boqdan Diak (2692) başçılıq edir. İlk üçlüyə serbiyalı Aleksey Sarana (2689) və niderlandlı Yorden van Forest (2676) də daxildirlər.

Respublikamızın təmsilçiləri arasında ən yüksək reytinqli şahmatçı Aydın Süleymanlı 2633 əmsalla siyahıda 22-cidir. Nicat Abasov (2612) və Məhəmməd Muradlı (2584) müvafiq surətdə 38-ci və 49-cu mövqedədirlər. Çempionatda bir qrup nümayəndəmizin də çıxışlarını izləyəcəyik.

Martın 26-da finişə çatacaq 11 turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək. Avropa Şahmat İttifaqı turnir üçün 100 min avro məbləğində ümumi mükafat fondu təsis etmişdir. Çempion 20 min, gümüş və bürünc medalların sahibləri müvafiq surətdə 15 və 10 min avro məbləğində mükafat qazanacaqlar.

Çempionat iştirakçıları təkcə medallar uğrunda mübarizə aparmayacaqlar. Onları həm də növbəti Dünya kuboku yarışına vəsiqə uğrunda kəskin rəqabət də gözləyir. Turnirin yekun cədvəlində ilk 23 yerin sahibləri həmişə hər bir şahmatçının iştirakçısı olmağı arzuladığı bu çox məsul yarışda ustalıqlarını nümayiş etdirmək hüququ qazanacaqlar.

Rodos çempionatının da iştirakçıların sayına görə mötəbər olacağı gözlənilir. Azərbaycan şahmatçıları çempionatın medalları uğrunda mübarizədə bu dəfə də yüksək yerlər uğrunda daha inamla yarışacaqlar. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro olacaq.

Bu arada Çernoqoriyanın Petrovaç şəhərində başa çatan 20 yaşadək şahmatçılar arasında Dünya çempionatında Ayan Allahverdiyevanın qazandığı gümüş medal idmanımıza çox dəyərli töhfə olmuşdur. Ayan 11 mümkün xaldan 8-ni toplayaraq, yalnız yarışın rusiyalı qalibi Anna Şuxmandan geri qalıb. Allahverdiyeva çempionatda keçirdiyi 11 görüşdə 6 qələbə qazanmış, 4 dəfə heç-heçə ilə kifayətlənmiş və 1 oyunda uduzmuşdur. Təmsilçimizin məğlubiyyətə uğratdığı rəqiblər arasında çempion Şuxman da var.

Ayan Allahverdiyevanın Dünya çempionatında qazandığı gümüş medal Avropa çempionatları ərəfəsində Azərbaycan şahmatının növbəti böyük uğurudur.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman