“Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib

post-img

Martın 10-da Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və İşçi qrupunun əməkdaşları, Beynəlxalq Komissiyanın yüksəkvəzifəli təmsilçiləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov tədbirdə çıxış edərək, görülən işlərlə bağlı son məlumatı açıqlayıb. Bildirib ki, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri XX əsrin 90-cı illərində, yəni, Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxslərdir.

Dövlət Komissiyasının katibinin sözlərinə görə, itkinlərdən 3698-i kişi, 285-i qadındır. Bu müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb ki, onlardan 419-u hərbçidir: "2020-ci ildə 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntısı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə intensiv şəkildə başlanılıb. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Meyit qalıqları 3 istiqamət üzrə müəyyən olunub. İşğaldan azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 23 kütləvi məzarlıqdan 187 şəxsə, həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 309 şəxsə, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 15 şəhər və rayonunun ərazisində yerləşən 23 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 192 nəfərə aid meyit qalıqları ekshumasiya olunub”.

Qeyd edilib ki, həmin vaxtadək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmizin silahlı münaqişəyə cəlb edildiyini və bunun nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşdiyini diqqətə çatdırıb. Bildirib ki, hərbi əməliyyatlar nəticəsində 19 mindən çox vətəndaşımız öldürülüb və ya itkin düşüb, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb. 900-dən çox yaşayış məntəqəsi tamamilə dağıdılıb, ərazilərin infrastrukturuna və ekologiyasına 10 milyard dollarlarla ölçülən ziyan vurulub, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.

DTX-nin rəis müavininin sözlərinə görə, münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub.

“İtkin düşmüş mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116-sı qadın, 315-i isə yaşlı insanlardır. İstintaqla sübut edilib ki, 170 azərbaycanlı əsir Ermənistan silahlı birləşmələri tərəfindən işgəncələrlə öldürülüb. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qısa müddətdə bu sahədə müəyyən işlər həyata keçirilsə də, bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Belə ki, 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bunun nəticəsidir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırkı dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 hadisə qeydə alınıb, nəticədə 70 nəfər həlak olub, 314 nəfər yaralanıb”, - deyə Ş.Həsənov qeyd edib.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger dünyada itkin düşmüş şəxslərin sayının getdikcə çoxaldığını, bunun da əsas səbəbinin münaqişələrin sayının artması olduğunu diqqətə çatdırıb: “Bunu Norveçin Sülh və Tədqiqat İnstitutu da təsdiqləyib. 1960-cı ildən bəri biz dünyada münaqişələrin artdığını görürük. Bunun nəticəsində də itkin düşmüş şəxslərin sayı artır. Qlobal istiləşmə və onun nəticələri də itkin düşmüş şəxslərin sayının artımına gətirib çıxarır. Ötən il Bakıda COP29 konfransı keçirilib. Bu, çox vacib tədbir idi. Ümid edirik ki, növbəti dəfə də biz qlobal istiləşmənin nəticələrini birlikdə müzakirə edəcəyik. Çünki bu məsələ də itkin düşmüş şəxslərin sayının artmasına gətirib çıxarır”.

K.Bomberger dövlətlərin itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsuliyyəti qəbul etməli olduğunu vurğulayaraq deyib: “Bu məsələ ilə bağlı ailələr həqiqəti bilməlidirlər. Bu, asan məsələ deyil. Azərbaycan neçə illərdir ki, bu istiqamətdə işləyir. Biz görürük ki, irəliləyişlər əldə olunub. Bu istiqamətdə itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının yaradılması çox gözəl addımdır. ICMP həmişə belə bir qurumun yaradılmasını təklif edir. Azərbaycan ekshumasiya üzərində işləyir. Bunu da çox peşəkar şəkildə həyata keçirir. Mən özüm burada arxeologiya və antropologiya bölməsində işlərin aparılmasının canlı şahidi oldum. 3700 itkin düşmüş şəxslə bağlı ailələrdən 11 min nümunə toplanıb. Bu, yaxşı nisbətdir. Hər bir itkin düşmüş şəxslə bağlı 3-4 referansın olması yaxşı haldır”.

O, həmçinin itkin düşmüş şəxslərin ailələrinə də aktiv rol verilməsinin vacib olduğunu vurğulayıb. Bildirib ki, DATA sistemlərinin və DNT imkanlarının genişləndirilməsi Azərbaycan üçün çox vacib məsələdir. Eyni zamanda, siyasi müstəvidə itkin düşmüş şəxslərlə bağlı Ermənistanla əməkdaşlıq çox vacibdir: “Biz regiondakı ölkələrə kömək edirik ki, onlar imkanlarını genişləndirsinlər. Bizim mandatımız hökumətlərin əməkdaşlığına nail olmaqdır. Bu baxımdan regional baza yaratmışıq. Bu baza gələcəkdə itkin düşmüş şəxslərin aşkarlanması ilə bağlı Azərbaycanla Ermənistan arasında model rolunu oynaya bilər. Çünki məhz əməkdaşlıq vasitəsilə bunların hamısı həllini tapacaq. İtkin düşmüş şəxslərin tapılması regionda sülh və sabitlik üçün də mühüm məsələdir. Əminəm ki, Azərbaycan və regiondakı insanlar buna can atırlar”.

Daha sonra Beynəlxalq Komissiya tərəfindən 2023-cü ildə ölkəmizdə həyata keçirilmiş qiymətləndirmə missiyası ilə bağlı hazırlanmış hesabatın təqdimatı olub. Qeyd edilib ki, itkin düşmüş şəxslərin ailələrinin otuz illik intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan Dövlət Komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Sonda Beynəlxalq Komissiya ilə əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.















Sosial həyat