Dövlət Komissiyasının katibi: Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 vətəndaşımız itkin düşüb

post-img

Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 vətəndaşımız itkin düşüb. Onlardan 3977-si Birinci, 6-sı İkinci Qarabağ müharibələrində itkin düşüb. Həmin şəxslərdən 3209-u hərbçi, 774-ü mülki şəxsdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.

Dövlət Komissiyasının katibi bildirib ki, itkinlərdən 3698-i kişi, 285-i qadındır. Bu müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb ki, onlardan 419-u hərbçidir.

Qeyd olunub ki, ötən dövrdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılıb, ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilib, DNT profilləri çıxarılıb. İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevralından etibarən aparılmış qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib və həmin məzarlıqlarda itkin düşmüş soydaşlarımıza aid olan insan qalıqları aşkarlanaraq götürülüb.

Sosial həyat