Gürcüstanda azərbaycandilli məktəb və sektorların müəllim və şagirdləri Novruz bayramı ilə əlaqədar martın 21-də istirahət hüququ əldə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, bayramın qeyd olunduğu bələdiyyələrdə fəaliyyət göstərən dövlət və özəl məktəblər müvafiq müraciət əsasında martın 21-də istirahət edə bilərlər.
Təhsil problemləri üzrə ictimai fəal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva açıqlamasında deyib ki, bir neçə ildir bu məsələ barədə Gürcüstan Təhsil Nazirliyinə müraciətlər ünvanlayır, cavab məktubunu məktəb direktorları və təhsil resurs mərkəzləri ilə bölüşür.
“Hər il məktəblərlə əlaqə saxlayıram, bəzilərində süni problemlər yaranır. Ötən illərdə martın 19-20-də müəllimlər və direktorlar mənə zəng edərək təhsil resurs mərkəzlərinin martın 21-də istirahət üçün icazə vermədiyini bildirirdilər. Nazirliklə əlaqə saxlayaraq məsələnin həllinə nail olmuşam. Ümid edirəm ki, növbəti illərdə artıq belə problemlər yaşanmayacaq və hər il bu prosesə nəzarət etməyə ehtiyac qalmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi