Son bir həftədə Abşeron yarımadasında yağan qarın fəsadlarının aradan qaldırılmasında Sumqayıt şəhərinin əlaqədar idarə və təşkilatları xüsusi fəallıq göstərirlər.
Mövcud hava şəraitinin şəhər təsərrüfatına və nəqliyyat infrastrukturuna mənfi təsirinin qarşısını almaq məqsədilə şəhər icra hakimiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib. Bütün gün ərzində xüsusi texnikalar – qartəmizləyən, qum və duz qarışığını səpən maşınlar şəhərin giriş-çıxış yollarında və küçələrində işləyir. Yollar əsasən gecə saatlarında buz bağladığı üçün axşamdan səhərə qədər işlər səngimək bilmir. Bunun da nəticəsində ötən günlərdə Sumqayıtda avtomobillərin və piyadaların hərəkətində heç bir ciddi problem yaranmayıb. İctimai nəqliyyat da öz qaydasınca işləyir, bütün marşrut xətləri açıqdır. Şəhər sakinlərinin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri işləri davam etdirirlər. Şəhər icra hakimiyyətinin təmsilçiləri də tam heyətlə operativ təmizlik tədbirlərinə nəzarəti və aidiyyəti qurumların işinin əlaqələndirilməsini həyata keçirirlər.
İcra hakimiyyətinin məsul əməkdaşı Eyvaz Qocayev:
– Cari tədbirlərlə yanaşı, şəhər ərazisində qaz, su və elektrik enerjisi təchizatında fasilələrin yaranmaması üçün aidiyyəti qurumlarla birgə mütəmadi monitorinq aparılıb. Hər hansı bir problem yarandığı təqdirdə dərhal operativ tədbirlər görülüb və əhalinin normal yaşayış şəraiti təmin edilib.
Əli NƏCƏFXANLI
XQ