Borçalı “Novella”sı

post-img

Marneulidəki Nəriman Nərimanov adına Mədəniyyət Evində Borçalıda yaşayan və böyük uğurlar qazanan soydaşlarımız haqqında çəkilmiş “Novella” filminin təqdimatı keçirilib.

Filmi qonşu ölkədə fəaliyyət göstərən “Aktual Media” təşkilatı ərsəyə gətirib. Kino lentinin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, barələrində mənfi rəy yaradırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi.

Filmdə ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın – vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur.

Filmin ssenari müəllifi Elnur Vəlizadə Gürcüstanda və Azərbaycanda aparılmış çəkilişlər barədə məlumat verib və ardınca “Novella” nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Marneuli meri Kənan Ömərov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov və başqaları filmin məziyyətlərindən danışıb, yaradıcı heyətin işini təqdir ediblər. Sonra fəaliyyət sahələrində uğur qazanmış soydaşlarımıza hədiyyələr təqdim olunub.

XQ

Mədəniyyət