Ölkəmizdə qarlı hava xeyir-bərəkəri ilə yanaşı, qayğıları da artırır. Dünyamızın ağ örpəyi xoş mənzərəsi, ümumi sevinci ilə bərabər, çətinlik də yaradır, kimlərə isə ağır-acı da yaşadır.
Qarlı havanın fəsadları hərəkətin sıx olduğu paytaxtda daha çox hiss olunur. Son günlərdə Yol Polisi havaların kəskin dəyişməsi, yolların buz bağlayacağını barədə xəbərdarlıq etsə də zəruri tələbatdan əlavə, vəziyyəti düzgün qiymətləndirməmək səbəbindən yollara yenə çox maşın çıxıb. Buna görə də Bakının küçələrində böyük tıxaclar yaranıb.
Metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyaları ətrafında, Bayıl istiqamətində və Bayraq meydanından mərkəzə gələn yolda, Balaxanı və Zığ şoselərində nəqliyyatın hərəkəti çətinləşib. “20 Yanvar” dairəsi, Bakı–Sumqayıt, Xocəsən–Sulutəpə yolunda da böyük tıxaclar yaranıb.
Həmin yollar buz bağladığından avtomobillərin hərəkət sürəti xeyli aşağı olub, maşınların sürüşməsi müxtəlif qazalara səbəb olub.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumatda dekabrın 20-i axşam saatlarından başlayaraq havaların xeyli soyuq və dəyişkən keçəcəyi, temperaturun mənfi 2–5 dərəcəyədək enəcəyi bildirilib. Bu xəbərdarlığa məhəl qoymamaq isə əhalinin küçə və meydanlarda sıx hərəkəti ilə müşayiət olunub. Buna görə qar və buz üstündə sürüşüb yıxılanlar, müxtəlif xəsarət alanlar da olub.
Qar təbiət hadisəsidir və illər boyu onun çətinliyinə də alışmışıq. Qarın yağması uşaqların sevincinə səbəb olsa da, yaşlı adamların ehtiyatsızlıqdan yıxılıb müxtəlif xəsarətlər alması xəbərlərini eşitmək əhvalımızı korlayır. Bu dəfə də belə xəbərlər eşitməli olduq.
Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 21-də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı havada yıxılıb xəsarət almış 55 nəfər müraciət edib. Həmin adamlarda, əsasən, sınıqlar, bilək və bud nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. Dekabrın 22-si də daxil olmaqla, səhiyyə müəssisəsinə xəsarət alan 165 nəfər müraciət edib. Onların 13 nəfəri cərrahi müalicəyə məruz qalıb.
TƏBİB-dən verilən məlumatda isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfər müraciət edib. Onlardan 79 nəfər müxtəlif xəsarəətlə müvafiq tibb müəssisələrində yerləşdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, soyuq hava və qar yağması dekabrın 24-dək davam edəcək. Ona görə də zəruri hal olmadıqca evdə qalmaq və bayıra çıxarkən isə ehtiyatlı olmaq tövsiyə edilir.
Zərifə HÜSEYNOVA
XQ