“Ötkəm oğlan”ın əziz xatirəsi

post-img

Şabran şəhərinin mərkəzindəki “Azadlıq” prospektində ərazicə yığcam, amma daim səliqə-sahmanlı bir park var. Ən gözəgəlimli guşədə qara mərmərdən bir xatirə barelyefi ucaldılıb. Oradan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin hamımıza doğma, tanış çöhrəsi boylanır.

Lap yaxın keçmişəcən həmin parkın yerində rayon Sanitar Epidemioloji 
Stansiyası yerləşirdi. Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırda ATU adlanır-müəlif) məzunu Çingiz Mustafayev təyinatla Sanitar 
Epidemoloji Stansiyasında əmək fəaliyyətinə ­başlamışdı. 

Yadımdadır, ötən əsrin səksəninci illəri idi. Atam da o tibb müəssisəsində çalışırdı. O, Çingizin xətrini çox istəyirdi. Çingiz haqqında söz düşəndə deyərdi ki, “bu bakılı balası çox qeyrətli oğuldur! Həm də ötkəm, cəsarətlidir!” Həqiqətən, Çingizin mərd, prinsipial xarakteri ilə bağlı Şabranda insanların qəlbində çoxlu xoş xatirə yaşayır. 

İndi hər dəfə həmin parka yolum düşəndə, bir hadisə yadıma düşür.

Çingiz çox mehriban, xoşqılıq gənc olsa da, hər adamla oturub-durmazdı. Amma dost və tanışlarına qarşı çox həssas, diqqətcil idi. Ötkəm xarakteri vardı, xüsusilə də haqsızlığa qarşı dözümsüz idi. 

Bir dəfə belə bir hadisə olmuşdu, rayon mərkəzindəki kinoteatrın qarşısında gəzişən milislər, necə deyərlər, dayanıb durduğu yerdə başıaşağı, fağırın birisini aşağılayaraq təhqir edirlər. Bu, Çingizə bərk toxunur və günahsız adamın müdafiəsinə qalxır. Çingizin zəifə qahmar çıxması milis nəfərlərini qəzəbləndirir və onu özləri ilə şöbəyə aparırlar. Çingiz barədə saxta ittihamlarla protokol bağlamaq fikrinə düşürlər. Lakin gənc həkimin savadı, məntiqini duyub milislər ona deyirlər ki, nə isə bir anlaşılmazlıq olub, siz azadsınız, gedə bilərsiniz. 

Lakin Çingiz bu üzrxahlıqdan sonra da onlardan əl çəkmir:

– Xeyr, təhqir etdiyiniz vətəndaşdan da sizi bağışlamağını xahiş etməlisiniz. Yalnız bundan sonra mən sizinlə barışa bilərəm.

Milislər işin böyüyəcəyini, bu ötkəm gəncin onlardan əl çəkməyəcəyini görüb təhqir etdikləri oğlanı axtarıb tapıblar, elə Çingizin gözləri qarşısında ondan da üzr istəyiblər. 

Bu əhvalat rayonda böyük əks-səda doğurur və rayon milis şöbəsi rəisinin də qulağına çatır. Rəis Çingizi kabinetinə dəvət edir. Sonra həmin milis işçilərini də çağırtdırır, onları danlayaraq deyir: 

– Sizə minnətdaram, həkim, bizim şöbənin işçilərinə layiqli dərs vermisiniz. İnanıram ki, “bu dərsdən” başqaları da öz paylarını alacaqdır.

Çingiz Mustafayev qısa və ləyaqətli bir ömür yaşadı. Birinci Qarabağ müharibəsi başlayanda özünü odun-alovun içinə atdı, xalqımızın haqlı olduğunu bütün dünyaya çatdırmaq üçün canını qurban verdi. İndi Qarabağ azaddır. Ruhun şad olsun, ­Çingiz! 

Aydın TAĞIYEV,
yazıçı-publisist

 

Sosial həyat