Azərbaycan elmində akademik tədqiqat ənənəsi və təcrübəsi

post-img

II MƏQALƏ

“Vivat Academia!”

Bu mövzuda I məqalədə vurğulanan “akademik tədqiqat ənənəsi”, “akademik tədqiqat təcrübəsi” və “akademik araşdırma kültürü” anlayışlarının Azərbaycan kontekstinə aydınlıq gətirilməsi üçün AMEA-nın fəaliyyətinin tarixi dövrləşdirilməsinə də nəzər salmaq gərəkdir. Çünki akademik fəaliyyətin institutlaşması çərçivəsində tarixi rakursda tədqiqatın ənənəsi, təcrübəsi və araşdırma kültürünün şüur hadisəsi olaraq özəllikləri daha aydın görünəcəkdir.

Adətən, Elmlər Akdemiyasının tarixində birinci mərhələ kimi 1945-1970-ci illəri göstərirlər. Bu mərhələdə Azərbaycan Elmlər Akademiyası əsasən təşkil edilmişdir və formalaşmışdır. 1945-ci ildə Elmlər Akademiyasının tərkibində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 2 elmi-tədqiqat şöbəsi və 3 muzey, Mərkəzi Elmi Kitabxana, Naxçıvanda, Gəncədə, Xankəndidə elmi bazalar mövcud idisə, 1970-ci ildə artıq elmi idarələrin sayı 142-yə çatdırılmışdı.

İkinci mərhələni 1970-1980-ci illər təşkil edir. Bu mərhələ ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin mərhələdə böyük uğurlar olmuşdur. Elmlər Akademiyasının strukturu yeniləşmiş və respublikanın inkişafına xidmətə yönəldilmişdir.

Üçüncü mərhələ 1980-1993-cü illəri əhatə edir. Bu mərhələ üçün xarakterik olan cəhət əvvəlki illərdə formalaşmış struktur-funksoinal göstəricilərin, tanınmış elmi məktəblərin, elmi ənənələrin inersial saxlanmasından ibarət idi.

1990-cı illərin əvvəllərindən isə müstəqillik dövründə Elmlər Akademiyasının fəaliyyəti başlayır.

1993-cü ilə qədər olan mərhələdə Elmlər Akademiyasının fəaliyyətində aktivlik hiss olunmurdu və bütövlükdə təşkilatın taleyi məlum deyildi. Ulu öndərin xalqın dəvəti ilə hakimiyyətə gəlişi, bütövlükdə ölkədə olduğu kimi, Elmlər Akademiyasında da vəziyyət müsbətə doğru dəyişdi. Heydər Əliyev Azərbaycan EA-ya müstəqillik mərhələsində yeni “fəaliyyət nəfəsi” verdi.

1997-ci ildə isə Heydər Əliyev Elmlər Akademiyasının bir qrup aparıcı alimini qəbul etdi. Ümummilli lider elm sahəsində islahatların aparılmasının vacibliyini əsaslandırdı. Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirdi.

Nəhayət, “Azərbaycan Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi.

Bununla AMEA XXI əsrə zəngin elmi tədqiqat və təşkilatlanma təcrübəsi ilə qədəm qoydu. Eyni zamanda, XXI əsrin gəlişi ilə AMEA-nın tarixində Prezident İlham Əliyev mərhələsinin başladığını deyə bilərik. Bu, artıq yekunlaşmış beşinci və indi də davam edən altıncı mərhələləri əhatə edir.

Beşinci mərhələ 2003-2022-ci illəri əhatə edir. “Bu mərhələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin modernləşmə, biliklər cəmiyyətinin qurulması strategiyası kontekstində elmin növbəti inkişaf mərhələsidir. Həmin dönəmdə “İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" mühüm yer tutur. Bu mərhələdə AMEA-nın tərkibində bir neçə yeni elmi müəssisənin fəaliyyətə başlamasını, kadr hazırlığı sahəsində əldə edilən nailiyyətləri, elmin populyarlaşdırılmasındakı uğurları, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində tədbirləri xüsusi qeyd etmək olar”.

İslahatlar mərhələsi

Nəhayət, altıncı mərhələ 2022-ci ildən başlamışdır. Bu mərhələ davam edir. Onu islahatlar mərhələsi adlandırmaq olar. “Bu mərhələyə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli fərmanı ilə start verilmişdir”.

Fevralın 20-də keçirilən Ümumi yığıncaqda AMEA prezidenti, akademik İsa Həbibbəyli “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzə etmişdir. Məruzədə AMEA-nın keçdiyi yol xarakterizə olunmuşdur.

Ulu öndərin 1969-1982-ci illərdə AE quruculuğundan geniş bəhs edilmişdir. Bu kontekstdə AMEA prezidentinin Elmlər Akademiyasının fəaliyyət tarixini özünün müəyyən etdiyi kriteriyalarla dövrləşdirməsi maraqla qarşılanmışdır.

Məruzədə 1969-1982-ci illər akademiya quruculuğunun intibah dövrü adlandırılmışdır. 1983-1993-cü illəri Elmlər Akademiyasında tədrici enmə və tənəzzülə meyl dönəmi kimi xarakterizə olunmuşdur. 1991-1993-cü illəri böhran həddinə çatma olaraq qiymətləndirilmişdir.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb”.

Akademik İsa Həbibbəyli fikirlərinə davam edərək vurğulamışdır ki, “Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə akademiyanın inkişafını 2 mərhələyə – birinci, akademiyanın modernləşdirilməsi dövrü – 2003-2022-ci illər və ikinci, 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi kimi ayırmaq olar”.

Bu mərhələdə AMEA-da bir sıra əsas istiqamətlərdə yeniləşmə və islahatlar həyata keçirililir. Həmin bağlılıqda elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirilir”.

Bu prosesdə “sivilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyasının işlənməsi” xüsusi yer tutur. Həmin konsepsiyanın da müəllifi akademik İsa Həbibbəylidir. Konsepsiyada deyilir: “Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub”.

Akademik tədqiqat ənənəsi, araşdırma kültürü

Bu anlayışların hər biri Azərbaycan mədəniyyətinin, ölkənin coğrafi yerləşiminin, tarixin müxtəlif dönəmlərində daxil olduğu kültür və geosiyasi mühitin qarışlıqlı təsiri altında məzmunca təkamül etmişdir. Nəticədə Azərbaycanın özünəxas akademik tədqiqat ənənəsi formalaşmışdır. Bu ənənə kəsilməz və dayanıqlı olduğu üçün Azərbaycan akademik araşdırma kültürü formalaşmışdır. Akademik ənənə ilə akademik tədqiqat kültürünün sintezi isə Azərbaycan akademik təcrübəsini şüuri fenomen kimi formalaşdırmışdır.

Bu cür yanaşma Azərbaycanda akademik tədqiqat ənənəsinin formalaşmasında iki sosial-mədəni və elmi faktorun əsas rol oynadığını göstərir. Elmi dərketmə faktoru kimi yunan fəlsəfi-elmi rasionalizmi qədimdən Azərbaycan akademiyalarında tədqiqatların metodologiyasını müəyyən etmişdir. Yuxarıda vurğuladığımız kimi, Azərbaycanın coğrafi-mədəni məkanında yaranan akademiyalarda (məsələn, Şamaxı Akademiyasında) elm-tədqiqat müşahidə, təcrübə və sübut əsasında məntiqi nəticə formasında aparılmışdır. N.Tusinin rəsədxanasında da eyni metodologiyadan istifadə edilmişdir. Deməli, Azərbaycan akademiyaları elmi tədqiqatı yunan akademiyalarında istifadə edilən üsullarla aparmışlar.

Ancaq Azərbaycan akademiyalarında tədqiqat ənənəsi başqa bir faktorla – Azərbaycanın mədəni məkan kimi İslam dünyasına aid olması ilə də şərtlənir. Azərbaycanda elmi araşdırmalar müsəlman mədəniyyətinin (İslamın) özəllikləri fonunda da aparılırdı. Hətta bir sıra fəlsəfi və elmi mətnlərdə obrazlı formada ilk cümlə “Allahdan sonra” ifadəsi ilə başlayırdı. Məsələn, M.Füzulinin “Mətləül-etiqadı” belə başlayır: “Sonra”.

Müsəlman mədəniyyətinin Azərbaycanda akademik tədqiqata təsiri yalnız müəyyən dini atributlarla məhdudlaşmırdı. Bütövlükdə, Azərbaycan alimlərinin idraki fəaliyyətində İslamın təsiri dünyaduyumu, dünyagörüşü və dünyaya elmi baxış kontekstində hiss olunurdu. Bu təsir faktiki olaraq XIX əsrdə Azərbaycanın parçalanmasına qədər dominantlıq təşkil etmişdir. Öncə Rusiya imperiyası, sonra isə sovetlər tədricən elmi tədqiqatlarda dünyəviliyi üstün səviyyəyə yüksəltmişlər.

Bu cür gedişat Azərbaycanda akademik tədqiqatların özünəməxsus ənənəsini formalaşdırmışdır. Bu ənənə elmi fəaliyyətin institutlaşması ilə tədqiqat təcrübəsini əmələ gətirmişdir. Və hər iki faktorun sintezi bütövlükdə Azərbaycan aliminin təfəkkür səviyyəsində akademik tədqiqatçı kültürünü formalaşdırmışdır.

Akademik araşdırma kültürü tarixən transformasiya olmuş və müasir mərhələdə məntiq, texnologiya, nəzəri araşdırma ilə praktiki tətbiqin qarşılıqlı əlaqəsi aspektlərində yeni məzmun kəsb etmişdir. Lakin bütün hallarda müasir Azərbaycan aliminin akademik tədqiqatçı kültürü əsrlərlə özünü göstərmiş əlamətlərin zamanca transformasiya prosesinin birbaşa nəticəsidir.

Bununla Azərbaycanda akademik tədqiqatlar ənənə, təcrübə və təfəkkür kültürünün qarşılıqlı əlaqəsində formalaşmış, bütöv, tam və dinamik proses halına gəlmişdir. Onu, ümumiyyətlə, Azərbaycan elmi tədqiqatının yaradıcılıq və institutlaşma aspektlərində məhv etmək deyil, zəiflətmək belə faciə ola bilər. Həm də ona görə ki, müasir mərhələdə Azərbaycan akademik tədqiqat təcrübəsinin institutlaşması birbaşa dövlətçiliklə sıx bağlıdır.

Tarixdə heç zaman akademiya yaradıcılıqla institutlaşmanın münasibətlərində bu dərəcədə dövlətçiliyə xidmətlə bağlı olmamışdır. Onun əsasını ulu öndər Heydər Əliyev keçən əsrin 70-80-ci illərində qoymuşdur, indi isə inkişaf etməkdədir. Bu o deməkdir ki, AMEA-nın müasir Azərbaycan elmində yeri və rolu fundamentaldır və onu zəiflətmək olmaz.

İndi isə akademik tədqiqat ənənəsi, akademik tədqiqat təcrübəsi və akademik araşdırma kültürü fonunda AMEA-nın son ümumi yığıncağının bir sıra məqamlarını təhlil edə bilərik.

P.S. Məqalədə müəllifin “AMEA inkişaf və yeniləşmə yollarında” (çapdadır) adlı monoqrafiyasında yer almış materiallardan istifadə edilmişdir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Elm