ATS-lərin internet oyunu

post-img

Sovet dövründə yeganə telefon rabitəsi ATS şəbəkəsindən ibarət idi. Məhdud imkana görə mənzillərə telefon xətti növbə ilə çəkilirdi. Adamlar bu istəyinə çatmaq üçün illərlə gözləməli olurdular.

Lakin mobil telefonlar həyatımıza daxil olduqdan sonra kabel rabitəsinə maraq və rəğbət azaldı. Bir çoxları isə  ATS telefonlarına ehtiyac görmədi. Buna baxmayaraq, ənənəvi telefondan istifadə zamanı  ATS-lər xidmətin  keyfiyyətində də uduzur. Telefonlar tez-tez kəsilir. 

Bütün bunlar azmış kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində olan “Aztelekom” və “Baktelekom” istehsalat birlikləri ötən ilin sonlarından, yəni internet bahalaşmasından sonra xidməti bir az da pisləşdirib. Telefon əlaqəsi vaxtaşırı kəsilir. Buna səbəb kimi xətlərin köhnə olması bəhanə gətirilir. 

Əhalinin bir qismi bu qurumların internet xidmətlərindən istifadə etmir. Buna səbəb qiymətin yüksək olmasıdır. Belə olan təqdirdə rabitə qurumları kabel telefonlarını kəsir. 

Məqsəd adamları baha internet xidmətindən istifadəyə məcbur etməkdir.  Bu isə  təmiz rəqabət yox,  qazanc oyunudur.  Nəticədə,  ATS-lər internet xidməti haqqını qısa müddətdə bir neçə dəfə artırıb.  Bu isə telefon istifadəçilərinin narazılığına səbəb olur.  Odur ki, adamlar vaxtilə çətinliklə əldə etdikləri kabel telefon xətlərindən imtina edirlər.

Qəzənfər QASIMOV
XQ

 

Sosial həyat