Tarixin aparici qüvvəsi və gələcəyin zəmanəti

post-img

İlham ƏLİYEV: Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır

Tarixi proseslərin gedişatı və sosial həyatın dinamikası göstərir ki, qlobal etnosiyasi və sosial-iqtisadi transformasiyalar dövründə cəmiyyətin ən həssas, eyni zamanda ən çevik təbəqəsi məhz gənclərdir. 

Azərbaycanda gənclər fenomeni

Bütün tarixi dövrlərdə gənclər fundamental dəyişikliklərə və köklü islahatlara aparan yolda əsas hərəkətverici qüvvə olmuşdur. Aydın məsələdir ki, gənclər sosial qrup kimi cəmiyyətin ən fəal və dinamik hissəsini təşkil edirlər.

Ən çətin böhran anlarında – istənilən dövlətin ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı qeyri-müəyyənlik və gərginlik dövrlərində – məhz gənclər uğursuzluqları daha kəskin hiss edə, frustrasiyaya qapılaraq həyatdakı istiqamət və ideallarını itirə bilirlər. Bununla yanaşı, enerjilərini qoruyub saxlayan gənclər bəzən asosial davranış meyillərinə yönəlirlər ki, bu da təkcə cəmiyyətə deyil, hər şeydən əvvəl məhz gənc nəslə ciddi zərər vurur.

Bütün bu amilləri nəzərə alaraq, Azərbaycan Respublikasında gənclər daim dövlət qurumlarının diqqət mərkəzindədir. Gənc nəslin təhlükəsizliyini təmin etmək və onun dayanıqlı inkişafına zəmanət vermək məqsədilə dövlət vətəndaşlıq şüurunun formalaşmasına xüsusi önəm verir və bu istiqamətdə hüquqi və demokratik dövlət quruculuğunda mühüm və obyektiv əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir.

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə dövlət gənclər siyasətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində mühüm praktiki addımlar atılmışdır.

1999-cu il iyulun 29-da Ulu Öndər tərəfindən imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərman və həmin fərmanla təsdiq olunmuş geniş tədbirlər planı Azərbaycanda gənclər hərəkatının inkişaf mərhələlərini, dövlət gənclər siyasətinin əsas istiqamətlərini, bu siyasətin həyata keçirilməsi ilə bağlı mövcud problemləri və onların həlli üçün konkret tədbirləri özündə əks etdirmişdir.

Bu fərman, gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi üçün əlverişli şəraitin yaradılması, dövlət orqanlarının gənc nəslin qarşılaşdığı problemlərin həllinə yönəldilməsi baxımından tarixi bir sənəd olmuşdur və Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi ardıcıl şəkildə bu gün də həyata keçirilməkdədir.

Ulu öndər Heydər Əliyev 1996-cı ilin mayında Respublika Günü münasibətilə etdiyi çıxışında demişdir:

“Bu gün, milli bayram günü biz keçmişimizi qiymətləndirməli, əldə etdiyimiz nailiyyətləri doğru-düzgün, ədalətlə təhlil etməli, gələcəyə baxmalıyıq. Azərbaycanın böyük gələcəyi var. Gələcək nəsillər haqqında düşünməliyik. Azərbaycanın gəncləri, gənc nəsli, Milli Ordusu, bu orduda xidmət edən gənclər ölkəmizin bu günü və gələcəyi haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, millətimizə sədaqətlə xidmət etməlidirlər. Mən əminəm ki, belə də olacaqdır. Hamınızı Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yeni fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm”.

Bu dərin mənalı sözlər gənclərin dövlət quruculuğundakı rolunun obyektiv meyarı kimi çıxış edir. Ölkəmizin hərtərəfli inkişafında, onun dünya arenasında tanınmasında və nüfuzunun artmasında əvəzsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi qiymətləndirmişdir. Məhz göstərilən diqqət və qayğı sayəsində Azərbaycan gəncliyi bu gün həyatın bütün sahələrində özünü doğruldur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə gənclər siyasətinin qanunvericilik bazası formalaşmış, Gənclər və İdman Nazirliyinin yaradılması və Gənclər Gününün təsis edilməsi bu siyasətin əsas sütunlarını təşkil etmişdir. Müvafiq fərman və sərəncamlarla qəbul edilən dövlət proqramları isə gənclərin sosial-iqtisadi, məişət, təhsil, elm və tərbiyəvi problemlərinin həllinə yönəlmiş, onların istedadlarının üzə çıxarılması üçün geniş imkanlar yaratmışdır.

Ümummilli liderin gənclər siyasətini daha geniş və hərtərəfli şəkildə davam etdirən Prezident İlham Əliyev müasir dövlət siyasəti ilə bu kursa sadiqliyini real fəaliyyəti ilə sübut etmişdir. Prezidentin fərmanları əsasında təsdiq olunmuş 2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində ölkəmizin gənc oğlan və qızları dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanmışlar. 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan edilməsi isə dövlət gənclər siyasətinin həyata keçirilməsində yeni bir mərhələ olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan gəncləri 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbulu və Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması gənclər siyasətinin uğurla davam etdirildiyini və onun elmi-metodoloji əsaslarının inkişaf etdirildiyini göstərir.

Bundan əlavə, «2015-2025-ci illər üçün Azərbaycan gənclərinin inkişaf strategiyası» və «Azərbaycan gəncləri 2017-2021-ci illərdə» Dövlət Proqramlarının təsdiqlənməsi barədə sərəncamların imzalanması gənclərlə bağlı ən aktual məsələlərin həllinə mühüm təkan vermişdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan fundamental islahatlar nəticəsində gənc nəslin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında aktiv iştirakı üçün mühüm kadr islahatları həyata keçirilmiş, gənc istedadlara dövlət qayğısı daha da gücləndirilmişdir. Dövlət başçısının uzaqgörən və gələcəyə yönəlmiş siyasəti sayəsində gənclərimiz ölkənin inkişafında fəal iştirak etməklə yanaşı, beynəlxalq arenada da Azərbaycanın layiqli təmsilçiləri kimi tanınmışlar.

Azərbaycan gənclərinin müasir təhsil və elm nailiyyətlərinə çıxışının təmin olunması, onların yaradıcılıq potensialının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində bərabərhüquqlu iştirakına şərait yaradılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin elmi-tədqiqat fəaliyyəti, innovativ təşəbbüsləri və yaradıcılıq bacarıqlarının dəstəklənməsi, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində icra edilən dövlət proqramları ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gəncliyin formalaşmasına xidmət edir.

Azərbaycan gəncliyinin dünyagörüşünün genişlənməsi, onların milli-mənəvi dəyərlər əsasında yetişməsi, müasir biliklərə yiyələnməsi istiqamətində görülən ardıcıl tədbirlər ölkəmizi inkişaf etmiş ölkələr sırasına daxil edən mühüm amillərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycanın gələcəyinin etibarlı təminatçısıdır.

İdman arenasında Azərbaycanın parlaq uğurları

Əlbəttə ki, gənclər və gənclər siyasətindən danışarkən ağlımıza idçan sahəsidə gəlir. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin idmanın kütləviləşdirilməsi və gənclərin sağlam həyat tərzi keçirməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər ölkəmizi aparıcı idman dövlətlərindən birinə çevirib. Bu gün gənclərimiz müasir standartlara cavab verən, ən yüksək şəraitlə təmin olunmuş idman-olimpiya komplekslərində müxtəlif idman növləri üzrə peşəkar şəkildə məşğul olur və beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.

Azərbaycanın idman siyasətinin uğurlu nəticələri dünya miqyasında öz əksini tapır. Ölkəmizdə inşa edilən 40-dan çox idman-olimpiya kompleksi gənclərin fiziki hazırlıq səviyyəsini artırmaqla yanaşı, istedadlı idmançıların yetişdirilməsi üçün fundamental baza rolunu oynayır. Gənclərimizin beynəlxalq turnirlərdə qazandığı nailiyyətlər Azərbaycan idmanının daim inkişaf etdiyini və dünya miqyasında öz sözünü dediyini sübut edir.

Azərbaycan idmançılarının beynəlxalq arenadakı möhtəşəm uğurları təkcə təsadüfi nəticə deyil, həm də ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. 2015-ci ildə Bakıda təşkil edilən I Avropa Oyunlarında Azərbaycan yığma komandası ümumi medal hesabında ikinci yeri tutaraq tarixi uğura imza atdı. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan milli komandası ümumi hesabda birinci yeri tutaraq bütün dünyaya idman potensialını nümayiş etdirdi.

XXXI Yay Olimpiya Oyunları (Rio-2016) Azərbaycan idman tarixində mühüm yer tutur. Milli yığma komandamız bu mötəbər yarışdan 18 medalla geri dönərək ölkəmizin Olimpiya Oyunlarındakı ən yüksək göstəricilərindən birini əldə etdi. Azərbaycan idmançılarının ardıcıl olaraq Olimpiya Oyunlarında yüksək nəticələr göstərməsi onların peşəkarlığını, hazırlıq səviyyəsini və idmana dövlətin verdiyi dəstəyi bir daha sübut edir. Bu baxımdan sonuncu Paris Olimpiya Oyunları da istisna deyil.

Azərbaycanın intellektual idman sahəsində də nailiyyətləri göz qabağındadır. Şahmatçılarımız Avropa çempionatlarında ardıcıl qələbələr qazanaraq ölkəmizin intellektual potensialını bütün dünyaya nümayiş etdiriblər. Milli şahmat komandamızın üç dəfə Avropa çempionu olması bu sahədəki inkişafın bariz nümunəsidir.

Bu uğurların hər biri Azərbaycanda sağlam cəmiyyətin formalaşması, gənclərin fiziki və mənəvi inkişafının təmin olunması istiqamətində görülən işlərin bəhrəsidir. Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi davamlı dəstək Azərbaycanın beynəlxalq arenada idman gücünə çevrilməsinə zəmin yaradır. Azərbaycanın idman siyasəti, yaradılan şərait və görülən işlər göstərir ki, ölkəmiz idman arenasında hələ uzun illər parlaq nəticələr qazanmağa davam edəcək.

Gənclik kapitalı

Düşünülmüş dövlət gənclər siyasəti sayəsində bu gün ölkədə yüksək intellekt səviyyəsinə malik, vətənpərvər ruhlu, milli düşüncəyə sahib geniş bir gənclər qrupu formalaşıb ki, onlar ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.

Respublika Gənclər Gününə həsr olunmuş toplantıda çıxış edən Prezident İlham Əliyev bildirib: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.

Prezident İlham Əliyev gənclərə etimad göstərərək, həyat təcrübəsinə əsaslanaraq vurğulayıb ki, hətta ən çıxılmaz vəziyyətlərdə belə gənclər qətiyyətli olmalıdırlar.

Məhz bu diqqətin nəticəsidir ki, sürətli elmi-texniki tərəqqi dövründə Azərbaycanın gəncləri həyatın bütün sahələrində özlərini fəal şəkildə göstərə bilirlər. Zəngin intellektual potensialı xalqımızın milli sərvəti hesab edilən gənclər mədəniyyət, incəsənət, elm və idman sahələrində inamla irəliləyir, eyni zamanda, Azərbaycanın misilsiz mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm addımlar atırlar.

“Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır”, – deyə Prezident İlham Əliyev qeyd etmişdir.

Dövlət başçısı əmin olduğunu bildirmişdir ki, bilikli, siyasi hazırlıqlı və istedadlı gənclər Azərbaycanın gələcəyinin etibarlı təminatçıları olacaqlar.

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi elmi nailiyyətləri, islahatlarda fəal iştirakı, özəl sektorda qazandığı uğurlar, güclü intellektual potensialı, innovasiyalar sahəsində etdiyi kəşfləri və Vətən qarşısındakı xidmətləri ilə fəxr edə bilər.

Öz çıxışlarının birində Prezident İlham Əliyev demişdir: “Ölkəmizdə ictimai proseslər çox müsbət istiqamətdə gedir. Gənclər də bu proseslərin gücləndirilməsində öz rolunu oynayırlar və ölkəmizin dünyada tanıdılması işində ön plana çıxırlar. Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə çatdırılması üçün gənclər də öz rolunu oynayırlar. Xocalı soyqırımını tanıtdırmaq prosesi artıq başlamışdır. Üç ölkə Xocalı soyqırımını tanıyıb və gənclərin bu işlərdə rolu çox müsbətdir.

Xaricdə yaşayan və oxuyan gənclərimiz müxtəlif aksiyalarda, müxtəlif tədbirlərdə fəal iştirak edirlər. İndi bizim diaspor təşkilatlarımız güclənib, formalaşıb və dünyanın istənilən nöqtəsində aksiya keçirməyə qadirdirlər. Bu aksiyalara televiziya vasitəsilə tamaşa edərkən görürük ki, orada da ön planda gənclərimizdir. Yəni, gənclər həmişə fəal olurlar və bu fəallıq müsbət istiqamətə yönəldilməlidir.

Mən çox şadam ki, gənclərimiz ölkəmizin hərtərəfli inkişafında öz rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər, vətənə bağlıdırlar, milli ruhda tərbiyə alırlar, gələcəkdə ölkəmizi uğurla idarə etmək üçün indidən hazırlaşmalıdırlar. Hərə öz yerində, çünki bu, daimi prosesdir”. Görürüki ki, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən gənclərimiz dövlətimizin başçısı tərəfindən qürur mənbəyi kimi qiymətləndirilir.

Amillərin vəhdəti

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından biri də Heydər Əliyev Fondu tərəfindən təşkil olunan milli və beynəlxalq muğam müsabiqələridir. Bu müsabiqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilir və gənc ifaçılarımızın yüksək peşəkarlıq nümayiş etdirməsi bütün türk və müsəlman ölkələrinin nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanır. Bu uğur, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətini bir daha sübut edir.

Azərbaycanda həyata keçirilən təşəbbüslər sayəsində gənclər cəmiyyətin böyük etimadını qazanmışdır. İlk Avropa Oyunlarında formalaşan «Könüllülük Hərəkatı»nın iştirakçılarının peşəkarlığı, istedadı və fədakarlığı qonaqlar və idmançılar tərəfindən heyranlıqla qarşılanmışdır. Xarici media bu hərəkatı yüksək qiymətləndirərək, onu Azərbaycan gəncliyinin tükənməz potensialının bariz nümunəsi adlandırmışdır.

2020-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Könüllülər ili” elan edilməsi gənclərə göstərilən diqqətin növbəti bariz nümunələrindən biri oldu. Azərbaycan gəncliyini ölkəmizin gələcəyinin etibarlı təməli adlandıran Prezident İlham Əliyev əminliyini bildirmişdir ki, könüllülər cəmiyyətimizdə artıq layiqli yer tutublar. İlk Avropa Oyunlarından sonra Azərbaycan könüllülərinin ASAN xidmətində, həmçinin DOST - Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzlərində fəaliyyəti böyük hörmət və rəğbətə layiqdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfəri bizlərə bəxş edən Azərbaycan gəncliyi Vətənin şanlı tarixinə yeni səhifələr yazdı.

Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun sıralarına qoşulan saysız-hesabsız gənclərimiz döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Silahlı Qüvvələrimizin müxtəlif bölmələrində xidmət edən əsgər və zabitlərimizlə yanaşı, gənc könüllülərimiz də erməni işğalçılarını torpaqlarımızdan qovaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsində bilavasitə iştirak etdilər. Bu, Azərbaycan gəncliyinin Vətənə, torpağa, millətə və dövlətə olan sədaqətinin ən parlaq sübutudur.

Prezident İlham Əliyev Zəfər Günü Şuşa şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirdi: “Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi”.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti bu günün və gələcəyin müstəqil, güclü və inkişaf edən Azərbaycanın əsas dayağı olan gəncliyə böyük inam yaradır. Dövlətimizin gənclərə göstərdiyi qayğı, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və müxtəlif sahələrdə inkişafı üçün yaradılan geniş imkanlar, müasir Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərə imza atan, öz qanı və canı bahasına torpaqlarımızı azad edən igid gənclərimiz, bugünkü gənc nəslə qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik nümunəsi olaraq qalır. Onların göstərdiyi rəşadət, eyni zamanda, yeni nəsillərin milli dəyərlərə bağlı, dövlətçilik ruhunda yetişməsinə möhkəm təməl yaradır.

Gənclər siyasəti çərçivəsində həyata keçirilən müxtəlif proqramlar, təhsil, elm, idman, mədəniyyət və innovasiya sahələrində aparılan işlər, gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsini təmin edir. Məhz bu strateji yanaşma sayəsində Azərbaycan gəncliyi ölkənin inkişafında aparıcı rol oynayır və Vətənimizin tərəqqisinə töhfə verir.

İRADƏ AĞAYEVA

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-informasiya mərkəzinin müdiri

 

 

 



Sosial həyat