Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölməsi (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir), 2 nəfərin yaralanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Hadisə nəticəsində ölən şəxslər aşağıdakılardır:
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər isə Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985) və Quliyeva Aysun Namiq qızıdır (2015).
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.