5-ci sosial islahat paketi uğurla gerçəkləşdirilir

post-img

Fevralda pensiyalar artırılmış məbləğdə veriləcək

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq. Artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək. Həmin artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 milyard 210 milyon 530 min manata çatdığı qeyd edilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötənilki fəaliyyətinin nəticələri diqqətə çatdırılıb. Muxtar respublikada sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası, DOST infrastrukturunun qurulması, sosial xidmət və reabilitasiya şəbəkəsinin genişləndirilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində görülən işlərə dair təqdimat edilib.

Sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötənilki fəaliyyətinin nəticələri açıqlanıb. 2024-cü ildə əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilən 61 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi, gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyi bildirilib. Əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, “Əmək və Məşğulluq” altsisteminin funksionallığının artırılması, işəgötürənlərin əmək qanunvericiliyi barədə maarifləndirilməsi və s. sahələrdə atılan addımlar diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun son bir ildəki fəaliyyəti barədə də məlumat verilib. ­DSMF-nin gəlirlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə 345 milyon manat (5 faiz) çox olmaqla 7 milyard 20 milyon manat, fondun xərclərinin isə əvvəlki ilə nisbətən 808 milyon manat (13 faiz) çox olmaqla 6 milyard 889 milyon manat təşkil etdiyi bildirilib. Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə ötən il əvvəlki ilə nisbətən 844 milyon manat (10,6 faiz) çox olmaqla 8 milyard 846 milyon manat ödənildiyi qeyd olunub.

Kollegiyada nazirliyin digər fəaliyyət sahələrində də ötən il görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat