Azərbaycan ŞƏT-in narkotiksiz cəmiyyət çağırışını dəstəkləyir

post-img

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tacikistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dostluq və Əməkdaşlıq Mərkəzində “ŞƏT: narkotiksiz sağlam cəmiyyət uğrunda” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib. 

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov da məclisdə iştirak edib.

Tacikistan XİN-in MDB ölkələri departamentinin rəhbəri, ŞƏT işləri üzrə milli əlaqələndiricisi vəzifələrini icra edən Əhməd Saidmurodzoda Tacikistanın ŞƏT ilə əməkdaşlığı və bu çərçivədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsində görülən işlər haqqında məlumat verib.

O, ŞƏT Dövlət Başçıları Şurasının 2024-cü ilin 4 iyul tarixli qərarı ilə Düşənbə şəhərində açılması nəzərdə tutulan, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əsas element rolunu oynayacaq ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasından və bu istiqamətdə aparılan işlərdən danışıb.

Əlimirzamin Əskərov Azərbaycanın ŞƏT ilə əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini, Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa qlobal təhdidlərin və çağırışların həllinə çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu və  ölkəmizin xarici siyasətinin ŞƏT-in paylaşdığı məqsədlərlə üst-üstə düşdüyünü qeyd edib. O, Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərini qeyd edib.

Təşkilata üzv olan ölkələrin Tacikistanda akkreditə olunan diplomatik missiyalarının rəhbərləri də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində ölkələrində həyata keçirilən tədbirlər haqqında söhbət açıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri

Düşənbə

 

Son xəbərlər