DOST “ən yaxşı tərəfdaş”dır

post-img

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2024-cü ildə “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib. Nazir Muxtar Babayev mükafatı mərkəzin direktor müavini Mətanət Məmmədovaya təqdim edib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mərkəzdə həssas qruplara aid şəxslərin ekoloji maarifləndirməsi işlərinin aparıldığı, onların ETSN-nin təmizlik aksiyaları və abadlaşdırma işlərində fəal iştirakının təmin olunduğu vurğulanıb. Bildirilib ki, mərkəzdə istifadəyə yararsız məhsullardan hazırlanmış əl işlərindən ibarət sərgi, konsert və müxtəlif layihələr gerçəkləşdirilib. Habelə mərkəzin təlimçi və benefisiarlarının ekoloji mövzularda əl işləri beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib.  Mərkəz və “DOST evi" filialının 1000 kvadratmetrlik həyətyanı ərazilərində ağacəkmə aksiyaları keçirilib.

Diqqətə çatdırılıb ki, PreCOP və COP29 tədbirlərində həssas qruplara aid şəxslərin də iştirakı təmin olunub. “Yaşıl zona”da mərkəzin təlimçi və benefisiarının təqdim etdiyi konsert və sərgi böyük maraqla qarşılanıb.

Zərifə BƏŞİRQIZI 
XQ

 

Sosial həyat