Dünən növbəti köç karvanı ilə yola salınan 39 ailə olmaqla 165 nəfər Cəbrayıl şəhərinə çatıb. Ailələrə evlərinin açarları təqdim olunub.
Doğma şəhərə qədəm qoyan ailələr qarşılandıqdan sonra ANAMA əməkdaşları onlara mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan 30 minə yaxın insan yaşayır.
XQ