Bu, ölkəmizin İslam həmrəyliyinə önəmli töhfəsidir
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8-ə üzvlüyünə qəbulu barədə danışarkən ölkəmizin bu quruma daxil edilməklə təşkilatın, demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdiyini bildirib və belə bir tarixi hadisəni respublikamız üçün növbəti uğurlu addım kimi dəyərləndirib.
Dövlətimizin başçısı deyib: “Bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolunu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”.
Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının yaranması ilə bağlı təşəbbüs ilk dəfə olaraq 1996-cı il oktyabr ayının 22-də qurumun İstanbulda keçirilən birinci toplantısında səsləndirilib. Bundan bir il sonra – 1997-ci il iyunun 15-də isə həmin şəhərdə gerçəkləşən dövlət və hökumət başçılarının Zirvə görüşündə adıçəkilən format təsis edilib. D-8 təşkilatına ölkəmiz qoşulana qədər Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxil idi. D-8-in qarşısında isə üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, sosial-iqtisadi sahələrdə əlaqələri gücləndirmək əsas vəzifə kimi qoyulurdu.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının adındakı “D” ingilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözünün baş hərfidir, yəni bu format 8 dövləti adı çəkilən qurum daxilində bir araya gətirən təşkilatdır. Onun üzvləri İslam Əməkdaşlıq Təşkilatında yer aldıqlarından və müsəlman ölkələri olduqlarından D-8 bir sıra hallarda, həm də “İslam İttifaqı” da adlandırılır. Ekspertlər bildirirlər ki, Azərbaycanın bu təşkilatda təmsil olunmasına tam haqqı çatır. Çünki ölkəmiz, əvvəla, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına geniş həcmdə investisiyalar yatırır. Belə bir sərmayə qoyuluşu isə Avrasiyanın, o cümlədən D-8 ölkələrinin iqtisadi inkişafını şərtləndirir.
D-8 dünyada böyük iqtisadi potensiala malik bir təşkilat kimi tanınır. Üzv ölkələrdə, təqribən, 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi, təxminən, 3,8 trilyon dollar təşkil edir. Üzv ölkələrin ticarət dövriyyəsi isə 1,6 trilyon dollar səviyyəsindədir. Yəni dünya ticarət döv-
riyyəsinin 4,5 faizini təşkil edir. Bütün bunlarla yanaşı, 3 qitəni əhatə edən D-8
4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı, ümumilikdə, dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir. Qurumun perspektiv əhəmiyyəti isə fəaliyyətində iqtisadiyyatın diversifikasiyasının önəmli yer tutması ilə bağlıdır. Başqa sözlə, D-8 ölkələri bu sahədə birgə fəaliyyət göstərərək xammal əsaslı məhsullardan asılılığı azaltmaq, istehsalat, texnologiya və xidmət sahələrinə diqqəti daha da artırmaq imkanı əldə edir.
Digər ölkələrlə əməkdaşlıq D-8 üzvü olan dövlətlər üçün enerji infrastrukturunun inkişafı prioritet təşkil edir. Ümumilikdə, quruma üzv olan bir sıra ölkələrin bərpaolunan enerji sahəsində geniş potensialı var. Təşkilatın qarşısındakı qlobal məqsədlərindən biri də üzv ölkələr arasında ticarət sahəsindəki əngəllərin aradan qaldırılması və birbaşa investisiyaların təşviqinə nail olmaqdan ibarətdir. Məqsədə çatmaq üçün iqtisadi inkişafa xidmət edən birgə təşəbbüslərin reallaşdırılması, hər ölkənin potensialına və gələcəyə əsaslanan iqtisadi layihələrin icrası, təcrübə mübadiləsi, daxili və xarici ticarətin inkişafı yolundakı maneələrin aradan qaldırılması, siyasi dialoqun təşviq edilməsi və genişlənməsi, texnoloji inkişafa xidmət edən innovativ layihələrin icrası, “yaşıl” enerji layihələrinin icrası proseslərinin dəstəklənməsi və rəqabət qabiliyyətinin artırılması kimi şərtlərin təmin olunması vacibdir.
Onu da deyək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının qəbul etdiyi “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd 3 mərhələli inkişaf strategiyasına əsaslanılaraq hazırlanıb. Birinci mərhələdə, yəni 2020–2022-ci illərdə ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Sonrakı mərhələdə – 2023–2027-ci illərdə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə planlaşdırılan 6 istiqamətdə əlaqələrin inkişafının gerçək-
ləşdirilməsi nəzərdə tutulub. Nəhayət, sonuncu mərhələdə – 2028–2030-cu illər ərzində isə üzv ölkələrin daxili ticarət döv-
riyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırılacağı qarşıya mühüm vəzifə kimi qoyulub.
Azərbaycanın D-8-ə üzv seçilməsi respublikamızın inkişaf etməkdə olan həmin dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə, investisiya və xarici ticarət dövriyyəsinin artmasına əsas yaradır. Artıq uzun zamandır ki, bu qurum İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə- bank, Türkiyənin sənaye, səhiyyə, şəhərsalma, Pakistanın kənd təsərrüfatı, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigeriyanın enerji qaynaqlarının idarə edilməsi sahələrində fəaliyyətlərini əlaqələndirir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma rolunda çıxış edir.
Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8-ə üzv ölkələrin nominal milli gəlirləri, təqribən, 5,1 trilyon dollar, adambaşına düşən milli gəliri isə cəmi 48 min dollardan çox olub. Təşkilata üzv ölkələrin, ümumilikdə, əhali sayı 1,3 milyard nəfərə yaxınlaşıb. D-8 ölkələri arasında xarici ticarət döv-
riyyəsi isə 2 trilyon dollara çatmaqla qlobal ticarətin 4,5 faizini və qlobal ümumi daxili məhsulun 5 faizini təşkil edib.
İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq. Azərbaycanın Türkiyə və İran ilə geniş ticarət və investisiya əlaqələrinin olmasına baxmayaraq, qalan dövlətlərlə iqtisadi münasibətlərinin daha da genişlənməsinə ehtiyac var. Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə xarici ticarət döv-
riyyəsi 7,7 milyard dollar olmaqla, D-8 iqtisadiyyatları ilə məcmu xarici ticarət döv-
riyyəsinin 90 faizini, İran ilə xarici ticarət dövriyyəsi 487,4 milyon dollar olmaqla, ümumi dövriyyənin 5,7 faizini təşkil edir. Eyni zamanda, respublikamızın D-8 təşkilatına üzv ölkələr ilə birgə məcmu xarici ticarət dövriyyəsi 8,52 milyard dollar təşkil edir ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 16,7 faizinə bərabərdir.
Azərbaycanın D-8 ölkələrinə ümumi ixracı 5,6 milyard dollar təşkil edib. Üzv ölkələr arasında Azərbaycanın ən aşağı ticarət dövriyyəsi 477 min dollar ilə Nigeriya olub. Qarşılıqlı birbaşa xarici investisiya dövriyyəsinin də əsas hissəsi Türkiyə və İranın payına düşüb. Belə ki, 2024-cü ilin 9 ayı ərzində Türkiyənin Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 912 mil-
yon, İranın isə 275,9 milyon dollar təşkil edib.
Azərbaycan təşkilata üzvlüyü ilə D-8 preferensial ticarət sazişi anlaşmasına qoşularaq üzv ölkələrlə qarşılıqlı ticarət imtiyazlarından istifadə edə bilər. Bura tariflərin qarşılıqlı endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, mənşə qaydalarının müəyyənləşdirilməsi və s. daxildir. Hazırda Türkiyə və Pakistanla preferensial ticarət razılaşması olan Azərbaycanın qalan üzv ölkələrlə də güzəştli ticarət razılaşmalarına daxil olması mümkündür. Bu, respublikamızın qeyri-neft-qaz ixracının çeşidlənməsi və şaxələndirilməsi baxımından əlverişli fürsətdir. D-8 ölkələrinin 2030-cu ilə qədər qəbul edilən Birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15–20 faizə çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatın da böyüməsi ilə nəticələnəcək.
V.BAYRAMOV,
M.QULİYEV
XQ
Ekspert rəyi
Lətif ZEYNALLI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi:
– Azərbaycanın D-8 kimi beynəlxalq iqtisadi əməkdaşlıq təşkilatına üzv olması ölkəmizin dünya miqyasında artan nüfuzunun və ona göstərilən etimadın bariz nümunəsidir. Bu üzvlük Azərbaycanın yalnız regional deyil, qlobal səviyyədə də strateji mövqeyini möhkəmləndirir. D-8 üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ümumi daxili məhsul (ÜDM) ilə qlobal iqtisadiyyata mühüm töhfə verən bir təşkilatdır. 130 milyard dollar həcmində ticarət dövriyyəsinə malik bu təşkilat öz üzv dövlətləri ilə geniş iqtisadi əlaqələrin mövcudluğunu nümayiş etdirir.
Təşkilatın nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olmaqla, böyük iqtisadi potensialı ilə diqqət çəkir. D-8-ə üzv olan dövlətlərin ümumi əhalisi dünya müsəlmanlarının 60 faizini təşkil edir ki, bu da təşkilatın İslam dünyası üçün təkcə iqtisadi deyil, həm də mədəni və siyasi əhəmiyyətini artırır.
Azərbaycanın belə bir platformada yer alması, ölkəmizin regionda və dünyada İslam həmrəyliyinə verdiyi töhfəni artırmaqla yanaşı, həm də qlobal iqtisadi siyasətə təsir imkanlarını genişləndirir. Azərbaycanın bu təşkilata qoşulması, təkcə ölkənin iqtisadi yüksəlişi üçün deyil, həm də İslam ölkələrinin iqtisadi əməkdaşlığını daha da möhkəmləndirmək və onların qarşılıqlı faydalı əlaqələrini inkişaf etdirmək məqsədini daşıyır. Bu, Azərbaycanı həm də müsəlman dünyasında öz nüfuzunu daha da artıran, beynəlxalq aləmdə tanınan bir dövlət olaraq göstərir.
Bu üzvlük Azərbaycan üçün yeni iqtisadi imkanlar və əlaqələr açmaqla yanaşı, həm də beynəlxalq siyasətdə daha güclü mövqe tutmasına zəmin yaradır. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, İslam mədəniyyətinin, dini irsinin və sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanınan Azərbaycanın bu təşkilata qoşulması İslam həmrəyliyinin möhkəmləndirilməsinə və bu dəyərlərin qlobal miqyasda təşviqinə mühüm töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın D-8 üzvlüyü, islamofobiyaya qarşı mübarizədə daha güclü mövqelər formalaşdıraraq İslam dünyasının qlobal problemlərinə dair birgə həll yollarının axtarışını dəstəkləyəcək.
Heç şübhəsiz, bu əməkdaşlıq platforması regionumuzda təhlükəsizlik, sabitlik və rifahın təmin olunmasında mühüm rol oynayır. D-8 üzv ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlıq əsasında qurulmuş bir təşkilat olaraq, iqtisadi və siyasi sabitliyin artırılmasına və regionda münaqişələrin qarşısının alınmasına xidmət edir. Azərbaycanın bu platformaya üzv olması yalnız ölkənin öz daxili təhlükəsizliyinə deyil, həm də regional və qlobal səviyyədə sabitliyin təmin edilməsinə müsbət təsir göstərir. Eyni zamanda, bu əməkdaşlıq üzv dövlətlər arasında birgə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və transsərhəd problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsini təmin edir. Beləliklə, D-8 yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regionda uzunmüddətli təhlükəsizliyin qorunmasını hədəfləyir.
İqtisadi-ticarət əlaqələrinin inkişafı bu əməkdaşlığın ən vacib aspektlərindən biridir. D-8 iqtisadi inteqrasiyaya yönəlmiş bir platforma olaraq üzv dövlətlər arasında əlaqələri möhkəmləndirir və sərbəst ticarət zonalarının yaradılması üçün zəmin formalaşdırır. Bu, ölkələr arasında iqtisadi artımı dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq modelinin tətbiqinə imkan verir. Azərbaycan öz iqtisadi potensialını bu əməkdaşlıq platformasında daha geniş miqyasda tətbiq etməklə, həm daxili bazarını daha da genişləndirir, həm də beynəlxalq ticarət və investisiya imkanlarını artırır.
Nəqliyyat və kommunikasiya sahələrində əlaqələrin inkişafı da strateji əhəmiyyətə malikdir. D-8 çərçivəsində üzv ölkələr arasında nəqliyyat infrastrukturu layihələri və ticarət marşrutlarının optimallaşdırılması, xüsusilə, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərindəki mövqeyini gücləndirir. Bu, ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, regional iqtisadiyyatın inteqrasiyasına və logistik mübadiləyə də müsbət təsir göstərir. Əlavə olaraq, kommunikasiya sahəsindəki əməkdaşlıq informasiya texnologiyaları, rəqəmsal inkişaf və innovasiyalar üzrə yeni imkanlar yaradaraq üzv dövlətlərin iqtisadiyyatlarını modernləşdirir.
Bu təşəbbüsün vacib aspektlərindən biri də enerji və resursların idarə edilməsi sahəsindəki əməkdaşlığa yönəlir. D-8 ölkələri bərpaolunan enerji və təbii resursların istifadəsi sahəsində birgə layihələr həyata keçirərək ekoloji və iqtisadi davamlılığı təşviq edirlər. Bu, xüsusilə Azərbaycanın enerji sektoru üçün yeni işbirliyi imkanları açır, ölkənin enerji resurslarını daha səmərəli və davamlı şəkildə idarə etməsinə şərait yaradır. Bütün bu sahələrdəki əməkdaşlıq D-8-ə üzv ölkələrin birgə inkişafı və qarşılıqlı faydalı əlaqələrinin qurulması üçün əhəmiyyətlidir. Bu, həm də beynəlxalq miqyasda daha güclü iqtisadi birlik və siyasi sabitlik formalaşdırır, ölkələr arasında uzunmüddətli əlaqələrin inkişafına təkan verir.
Azərbaycanın D-8-ə qoşulması Qafqaz regionunun geosiyasi və iqtisadi dinamikasına əhəmiyyətli təsir göstərəcək. Bu addım yeni imkanların açılmasına, eləcə də xarici investisiyaların ölkəmizə cəlb olunmasına zəmin yarada bilər. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki birləşdirici rolunu nəzərə alaraq D-8 üzvü olmaq ölkəmizin beynəlxalq uğurlarını artırmaqla yanaşı, eyni zamanda, təşkilatın öz imkanlarını da genişləndirəcək. Bu əməkdaşlıq Azərbaycanın regionda daha güclü mövqe tutmasına və dünya iqtisadiyyatında öz rolunu daha da möhkəmləndirməsinə kömək edəcək. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır.
Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq” fikirləri ölkəmizin qarşısında yeni imkanların açıldığını və bu fürsətləri qiymətləndirərək strateji qərarlar qəbul etməyin vacibliyini vurğulayır.