Daşkəsən şəhərində günəş enerjisi ilə işləyən işıq dirəklərinin quraşdırılmasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dirəklər əvvəlcə Şah İsmayıl Xətai küçəsində quraşdırılıb. Günəş enerjisi ilə işləyən, ənənəvi küçə lampalarından daha səmərəli hesab edilən işıq dirəklərinin sayının 100-ə çatdırılması, digər küçələrdə də tətbiqi nəzərdə tutulur.
Şəhər ərazisində elektrik enerjisi ilə işləyən 20-ə yaxın işıq dirəyi də quraşdırılıb.
Daşkəsən şəhərinin abadlaşdırılması üçün bəzi küçələrə və çoxmənzilli yaşayış binalarının ətrafına yeni asfalt örtüyü salınıb. Həmçinin yararsız istinad divarları sökülərək yenidən tikilib, üzərinə mərmər lövhə döşənib. 19 çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsindəki pəncərə və qapılar yenilənib. Hazırda bu istiqamətdə iş davam etdirilir.