Dünya Azərbaycanlılarının Həmrəylik Günü: Milli birlik simvolu

post-img

Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il 31 dekabrda qeyd olunur və bu gün təkcə Azərbaycan xalqının birliyini deyil, həm də dünya azərbaycanlılarının milli kimliklərini qorumaq və yaşatmaq üçün atılan mühüm bir addımdır. Bu gün Azərbaycan xalqının tarixində həmrəylik nümunəsi olmaqla yanaşı, qlobal miqyasda birlik və bərabərlik simvoluna çevrilmişdir. 31 dekabr dünya miqyasında yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onların ortaq mədəni və mənəvi bağlarını gücləndirən mühüm bir gündür. 

Həmrəylik gününün təsis olunması xalqımızın sərhədlərdən kənarda öz varlığını hiss etdirmək cəhdlərindən biri idi. Yalnız Azərbaycan Respublikasının sərhədləri daxilində deyil, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar arasında həmrəylik və birliyin simvolu olaraq tarixi irsini və mədəniyyətini qorumağa və təbliğ etməyə yönəlmiş mühüm bir günün əsl mahiyyətini daha dərindən dərk etmək üçün onun tarixi köklərinə nəzər salmaq vacibdir. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1989-cu ildə Naxçıvanda baş verən mühüm bir hadisədən qaynaqlanır. Həmin ilin dekabrında Sovet Azərbaycanı ilə İran arasındakı sərhəd dirəkləri xalqın kütləvi iştirakı ilə söküldü. Bu hadisə iki tərəfdə yaşayan azərbaycanlıların milli mənsubiyyətlərini və mədəni irslərini qorumaq üçün bir araya gəlmələrinin başlanğıcı idi. Eyni zamanda, baş verənlər yalnız sərhədləri fiziki cəhətdən deyil, həm də mental və mədəni sərhədləri aşaraq, iki ölkədəki azərbaycanlıları bir araya gətirdi. Azərbaycanlıların bu addımı, milli həmrəyliyin gücləndirilməsi və mədəniyyətin qorunması naminə atılan mühüm başlanğıc oldu.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Azərbaycan xalqının həmrəylik ruhunu möhkəmləndirmək məqsədilə 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Heydər Əliyev həmrəylik və milli birliyin qorunmasını vacib hesab edirdi və bu günün qəbul edilməsi bu ideyanın təzahürü oldu. 

İlk dəfə Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” qərar qəbul edilib. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Bununla da, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsası qoyulmuşdur.

Azərbaycan diasporasının milli kimliyin qorunmasında və dünyada ölkəmizi təbliğ etməkdə oynadığı rolu xüsusilə qeyd etmək lazımdır. Hazırda dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları milli maraqlarımızın müdafiəsində platforma rolunu oynayır.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı dünya azərbaycanlıları əsl həmrəylik, sarsılmaz əzm nümayiş etdirdi. Xaricdəki soydaşlarımız xalqımıza dəstək olmaq üçün həm maddi, həm də mənəvi cəhətdən böyük səylər göstərdilər. Hələ müharibənin ilk günlərindən etibarən sosial mediada Azərbaycanı dəstəkləyən kampaniyalar təşkil etdilər və ölkəmizin haqq mübarizəsini bütün dünyaya çatdırdılar. Bu, həmrəylik və milli birliyin təzahürü idi və müharibə zamanı dünya azərbaycanlılarının göstərdiyi bu qlobal dəstək uğurumuzun əsas amillərindən birinə çevrildi.

2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə “Zəfər qurultayı” adı ilə tarixə düşdü. Qalib xalqın nümayəndələri 65 ölkədən bir araya gələrək qəhrəmanlığı və milli birliyi ilə dünyaya səs saldı.

Bu gün yalnız Azərbaycan ərazisində deyil, həm də xarici ölkələrdəki həmyerlilərimiz arasında  təşkil edilən müxtəlif tədbirlər, mədəni və ictimai fəaliyyətlər daha da geniş vüsət alıb. Bu tədbirlər azərbaycanlıların mədəniyyətini, dilini və tarixi irsini tanıdan, həmçinin onların yaşadıqları ölkələrdə daha da möhkəmlənməsinə şərait yaradan vacib addımlardır. Bütün bunlar yalnız xalqımızın birliyini təmin etmək deyil, həm də milli dəyərlərimizi dünyada daha geniş auditoriyaya tanıtmaq məqsədi güdür. Azərbaycan mədəniyyətinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olan elementləri də bu tədbirlərdə xüsusilə vurğulanır. 

Azərbaycan diasporası dünyanın bir çox ölkəsində aktiv şəkildə fəaliyyət göstərir. Müasir dövrdə həmrəylik daha çox inteqrasiya və qarşılıqlı əməkdaşlıq tələb edir. Qarabağ münaqişəsinin həlli və Ermənistanın təcavüzü ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması prosesində diaspora təşkilatlarımızın rolu danılmazdır. 

Azərbaycanlılar dünyanın dörd bir yanında yaşasa da, onları birləşdirən milli dəyərlər, dil, mədəniyyət və tarixdir. Bu gün milli birliyimizin, həmrəyliyimizin yaradılmasından 35 il ötür. 35 ildir ki, dünyanın hər bucağında bu torpağın nümayəndələri qürurla, fəxrlə hər ilin bu gününü qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günündə birliyimizin gücünü bir daha nümayiş etdirməklə, gələcək nəsillərə tarixə səs salacaq irs qoyacağımızı unutmayaq.

Sevinc Bəşiri

Jurnalistlər İttifaqının üzvü

Sosial həyat