Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı fikirlərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, "Kazinform" Beynəlxalq İnformasiya Agentliyinin materialında Azərbaycan Prezidentinin təyyarə qəzasında 6 Qazaxıstan vətəndaşının da həlak olması ilə bağlı Qazaxıstan Prezidentinə başsağlığı verməsi ilə bağlı sözləri təqdim edilir. “Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”, - deyə "Kazinform" Azərbaycan Prezidentindən sitat gətirir.
24.kz saytındakı materialda Azərbaycan Prezidentinin Aktau yaxınlığında təyyarə qəzasından sonra göstərilən yardıma görə Qazaxıstana təşəkkür etdiyi bildirilir. "İlk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox", - deyə Azərbaycan Prezidentinin sözləri qeyd edilir.
Orda.kz saytı Azərbaycan Prezidentinin bu ağır sınaqdan sonra Qazaxıstanla dostluq və qardaşlığın daha da möhkəmləndiyini bildirən fikirlərini dərc edib. "Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar ", - deyə Prezidentin sözləri vurğulanır.
Zakon.kz isə yazır ki, Prezident İlham Əliyev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması zamanı peşəkar fəaliyyətinə görə Qazaxıstana təşəkkürünü bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana