Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Alpaqut Federasiyası arasında əməkdaşlıq sazişi imzalanıb

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Alpaqut Federasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. İmzalanma mərasimi fondun baş qərargahında keçirilib. Bu saziş mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi, Türk mədəni irsinin qorunması və Alpaqut idmanının beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi məqsədi daşıyır.

Fonddan XQ-ə bildirilib ki, əvvəlcə Türk mədəniyyətinin zəngin irsinin qorunması və təbliği, Alpaqut milli idman növünün inkişafına dəstək istiqamətində birgə səylər müzakirə olunub. Türk xalqlarının adət-ənənələrinin qorunub saxlanılmasında döyüş sənətinin mühüm rolu vurğulanıb.

Sazişi fondunun prezidenti Aktotı Raymkulova və federasiyanın birinci vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayeva imzalayıblar. İmzalanma mərasimində, həmçinin Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov və idarə heyətinin üzvü Fərid Əliyev də iştirak ediblər. Zəngin Türk irsinin dünyada təbliği, Alpaqutun gənc nəslə çatdırılması müzakirə olunub.

Aktotı Raymkulova sazişin imzalanmasının vacibliyini vurğulayaraq bildirib: “Biz Türk mədəniyyətinin təbliği və Alpaqutun populyarlaşdırılması istiqamətində birgə layihələr həyata keçirmək niyyətindəyik. Bu, təkcə Alpaqut üçün deyil, həm də Türk mədəni irsinin qorunub saxlanması baxımından həlledici əhəmiyyətə malikdir”.

Könül Nurullayeva deyib: “Bu saziş iki təşkilat arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Alpaqut Türk dünyasının dəyərlərini özündə əks etdirən döyüş sənətidir və onun qorunub saxlanması və yayılması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Kutsan Vasif Namazov da sazişin əhəmiyyətini vurğulayıb.

Fərid Əliyev Alpaqutun beynəlxalq aləmdə tanınmasının vacibliyini qeyd edərək bildirib: “Bu əməkdaşlıq Alpaqutun təkcə döyüş sənəti kimi deyil, həm də mədəniyyətimizin bir parçası kimi qəbul edilməsinə kömək edəcək”.

Bu əməkdaşlığın nəticələrinin Türk mədəniyyətinin zənginliyinin və Alpaqutun çox qiymətli dəyərlərinin dünyada tanıdılmasına kömək edəcəyi gözlənilir. Sazişin imzalanması iki təşkilat arasında birgə fəaliyyətin genişləndirilməsindən və Türk mədəniyyətinin qlobal səviyyədə daha da tanınmasından xəbər verir. Tərəflər gələcəkdə bir sıra layihələr, o cümlədən seminarlar, müsabiqələr, mədəniyyət festivalları və s. həyata keçirməyi planlaşdırır.

Mədəniyyət