“Nur şəhəri”ndə bayram şənliyi

post-img

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Mingəçevir şəhər rəhbərliyi şəhid ailələrinin, qazilərin və veteranların uşaqlarını təbrik edib.

Kür sahilindəki restoranların birində təşkil olunan bayram şənliyində şəhid ailələrinin, qazilərin, veteranların uşaqlarını təbrik etməyə şəhər icra hakimiyyəti aparatının işçiləri, ziyalılar, valideynlər, mətbuat nümayəndələri toplaşmışdılar. Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində olan Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərinin şagirdlərinin təqdim etdiyi mahnı sovqatı, rəqslər, Vətənə, qəhrəmanlarımıza həsr olunmuş şeirlər tədbiri xüsusilə şənləndirib.

İcra başçısı İlham İsmayılov I Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr hadisələri və 2023-cü ilin antiterror əməliyyatları zamanı qəhrəmanlıq göstərən, düşmənə qarşı rəşadətlə döyüşən Vətən övladlarının torpaqlarımızı düşmən tapdağından qorumasından, azad etməsindən fərəhlə bəhs edib. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılan Zəfər tarixindən, müstəqil Azərbaycanın suverenliyinin tam bərpasından danışıb. Şəhər rəhbəri bu şənliyə toplaşan uşaqların Zəfər Yürüşü qəhrəmanlarının övladları kimi hər cür diqqət və qayğıya layiq olduqları bildirib. O, uşaqarın bayramını təbrik edərək, vətənpərvər ruhda böyüməyi, yurdumuzun layiqli vətəndaşı kimi yetişməyi onlara tövsiyə edib.

Bayram tədbiri Yeni il yolkasının ətrafında davam etdirilib. Uşaqlar deyib, gülüb, şənləniblər. Yeni ilin atributları olan Şaxta baba və Qar qız söhbətləri ilə, nağıl personajları, dovşanlar, klounlar məzhəkəli oyunları ilə balacaları sevindiriblər.

Şənlikdə icra həkimiyyəti tərəfindən 120 uşağa bayram hədiyyəsi verilib. Balacaların valideynləri – şəhid anaları, qazilər, müharibə veteranları minnətdarlıqlarını bildirməklə ölkə və şəhər rəhbərliyinə ən xoş arzularını çatdırıblar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir



Sosial həyat