Türkiyə mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb. Dövlət başçısı müsahibədə Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin mətbuatı Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblərə diqqət çəkib.
Televiziya kanalları, qəzetlər və xəbər portalları mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi tələbləri ilə manşetlərə çıxıb.
AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin Rusiya tərəfinin “məsələni ört-basdır etməyə” çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara