Qazi və şəhid ailələrinə yeni il hədiyyəsi

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 24-də şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil, müharibə əlillərinə 33 avtomobil verilib. Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. 4 saylı DOST Mərkəzində həmin mənzillərin və avtomobillərin sənədlərinin təqdim edilməsi mərasimi olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov iştirak ediblər. A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı ilə həssas kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır.

Qeyd edilib ki, mərasimdə 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu həftə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Həmçinin daha 33 avtomobil verilib və növbədə dayanan bütün müharibə ilə əlaqədar əlillərin avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.

E.Məmmədov şəhid ailələri və müharibə ilə əlaqədar əlillərin sosial dəstəklə əhatə olunması, o cümlədən onların mənzillə təminatı sahəsində aparılan işlərin ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzil və avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Z.BAYRAM
XQ



Sosial həyat