Naxçıvan xəbərləri

post-img

Qazilərə diqqət və qayğı

Dünən Naxçıvan Muxtar Respublikasında Qarabağ müharibəsində yaralanmış və Çernobil qəzası zamanı xəsarət almış 12 əlilə avtomobil, 2 nəfərə isə özünüməşğulluğa dəstək üçün səyyar qəhvəxana təqdim edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət hədiyyəsi alanlarla görüşdə qeyd edib ki, son illərdə Azərbaycanın bütün ərazisində suverenliyimiz təmin olunub. Bu tarixi nailiyyətin əldə olunmasında müharibə iştirakçıları və qazilərin rolu, əməyi danılmazdır. Dövlətimiz hər zaman onların Vətən qarşısındakı fədakarlıqlarını yüksək qiymətləndirir, bu kateqoriyadan olan şəxslərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür.

Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu, bu tədbirlər çərçivəsində əhalinin rifah halının yüksəldilməsi tədbirlərinin bundan sonra da davam etdirələcəyini bildirib, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli avtomobillərin və qəhvəxanaların açarlarını, sənədlərini sahiblərinə təqdim edib, onlara möhkəm cansağlığı, uğurlar arzulayıb.

Yubiley xalçasının təqdimatı

Dünən Azərbaycan Milli Xalça Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş yubiley xalçasının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycan tarixində həm dövlətçilik ənənələrinin, həm də milli kimliyimizin qürur mənbəyidir. 1 əsr vvəl Naxçıvan muxtariyyətinin yaradılması ilə Azərbaycanın ayrılmaz hissəsi kimi bu diyarın hüquqi statusu təsbit edilib.

Bildirilib ki, bu gün Naxçıvanın əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb. Həyata keçirilən infrastruktur layihələri, dövlət proqramları Naxçıvanın tərəqqisinə yeni töhfələr verir. Birinci vitse-prezident Mehriban Əliyevanın diyarın mədəni irsini beynəlxalq səviyyədə tanıdır, humanitar inkişafa əhatəli qayğı göstərir.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yüsifova bildirib ki, təqdimatı keçirilən “Naxçıvan Muxtar Respublikası 100” xalçası bu qədim yurdun zəngin mədəniyyətinin rəmzi kimi ərsəyə gətirilib. Xalçanın eskizində qədim Naxçıvan Xalça Məktəbinə aid ənənəvi elementlər, Möminə Xatın türbəsi ornamentləri və əzəmətli Haçadağın təsviri ustalıqla əks etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də milli-mədəni irsin beşiyi kimi Azərbaycan xalqı üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Naxçıvanın 100 illik yubileyi çərçivəsində keçirilən belə tədbirlər tariximizi, mədəniyyətimizi və ənənələrimizi gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət kəsb edir.

Xalçanın toxunması ilə bağlı videoçarx nümayişindən sonra Kamil Əliyev adına Naxçıvan Xalça Muzeyi əməkdaşlarının toxuduğu xalçanın təqdimatı və kəsimi həyata keçirilib. İştirakçılar muxtar respublikanın muzey fondlarına aid maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə də baxıblar.

Xalça eskizinin müəllifi muzeyinin direktoru Ülviyyə Məmmədova, toxucuları isə tərtibatçı rəssamlar Gülsüm Kəngərli və Rübabə Əliyevadır.

Naxçıvan Dövlət Filarmoniyasının sənətçiləri və Əməkdar artisti Nuriyyə Hüseynova mərasimin təntənəsini musiqi proqramı ilə yüksəldiblər.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan–Bakı







Sosial həyat