Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tarixçi alim, Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının təqdimatı keçirilib.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərdən danışıb, ictimaiyyətə təqdim olunan kitabın elmi və siyasi əhəmiyyətini qeyd edib. O, professor Musa Qasımlının kitabında Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətinin elmi əsaslarla geniş şəkildə əks olunduğunu söyləyib.
AMEA rəhbəri bildirib ki, yeni nəşr müəllifin elmi fikir və düşüncələri ilə bərabər, bilavasitə müşahidə etdiyi beynəlxalq münasibətlər prosesinə təhlili yanaşmasının məhsulu kimi də maraq doğurur. Kitabın ağırlıq mərkəzini Prezident İlham Əliyevin müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti təşkil edir. O, yeni nəşri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Kitabın dövlət başçısının ad günü ərəfəsində təqdimatının keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən AMEA-nın prezidenti akademiya kollektivi və tədbir iştirakçıları adından Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyeviin müstəqil Azərbaycan dövlətinin inkişafında xüsusi rolunu və böyük xidmətlərini qeyd edərək ölkə başçısına təbriklərini və xoş arzularını ifadə edib.
Nəşrin rəyçilərindən biri, AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabı haqqında ətraflı məlumat verib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov və Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva yeni kitabın respublikamızın siyasi və mədəni həyatında böyük hadisə olduğunu diqqətə çatdırıblar.
Sonda nəşrin tədqiqatçılar üçün etibarlı mənbə olduğunu deyən AMEA prezidenti qeyd edib ki, müəllif Prezident İlham Əliyev haqqında faktların, hadisələrin qiymətləndirilməsini və təhlilini tamamilə fərqli rakursdan aparıb.
Qabil YUSİFOĞLU
XQ